“Məscidlərdə təhlükəsizliyin artırılması indi xüsusi əhəmiyyət kəsb edir” – Hacı Şahin

“Məscidlərdə təhlükəsizliyin artırılması indi xüsusi əhəmiyyət kəsb edir” – Hacı Şahin
Bütün Xəbərlər
15:39 17.12.2014
835
“Bu sırf təhlükəsizlik tədbirləridir. Hər zaman lazım idi. İndi isə xüsusi əhəmiyyət kəsb edir. Atılan addımlara zərurət Qaraçuxur məscidinin yandırılması hadisəsinin baş verməsindən sonra yaranıb”.
Bu sözləri AZXEBER.COM-a Qafqaz Müsəlmanları Ruhani İdarəsi rəhbərinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Azərbaycan məscidlərində mühafizə sisteminin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikrini şərh edərkən söyləyib: “Məscidlərdə fəaliyyət göstərən insanlar da artıq ayıqlıq göstərirlər”.
“Hansı məscidlərdə daha çox narahatlıq var?” sualına isə müsahibimizin cavabı belə oldu: “Konkret ad çəkə bilmərəm. Bununla müvafiq qurumlar məşğul olur. Amma radikal cərəyanlara mənsub olan insanların toplaşdığı məscidlərdə daha çox diqqətli olmaq lazımdır. Hüquq-muhafizə orqanlarının addımını müsbət qiymətləndirirəm. Radikal qrupların Azərbaycanda ciddi dəstəyi yoxdur, amma ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərə bilərlər”.
Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan məscidlərində mühafizə sistemi gücləndirilir: “Son zamanlar görülən tədbirlər nəticəsində ölkədə dini radikalizmin azalması müşahidə olunur. Bütövlükdə Azərbaycandakı böyük məscidlərdə mühafizə sistemi var. Digər məscidlərdə də mühafizə sisteminin qurulması istiqamətində işlər gedir. Azərbaycanda islami dəyərlərimizə zidd olan ayrı-ayrı qruplar, radikallaşmış dəstələr fəaliyyət göstərir, lakin onların nə ictimai, nə də sosial dayaqları yoxdur. Bu cür qruplara qarşı biz maarifləndirmə yolu ilə müvafiq yollarla işlərimizi davam etdiririk. Aparılan işlər də çox böyük nəticələr verir. Artıq Azərbaycanda radikalizmdə səngimə, azalma görürük. Bütövlükdə bundan əvvəl də görülən işlər öz bəhrəsini verib. Dini radikalizmi yaradan səbəbləri aradan qaldırmaq üçün işlər davam edir. Bunlardan biri də dini maarifləndirmədir, dini icmalarla işdir".
Orxan
OXŞAR XƏBƏRLƏR