Əlcəzair parlamentinin aşağı palatası meşələrdə və kənd təsərrüfatı ərazilərində qəsdən yanğın törədənlərə ölüm cəzası tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Qərar avqustun sonlarında ölkədə baş verən meşə yanğınlarında 12 nəfərin ölməsi və 54 nəfərin yaralanmasından sonra qəbul edilib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin yuxarı palatasından keçməsi və Prezident Əbdülməcid Tebbunun imzası tələb olunur.
Layihədə müəyyən uşaq oğurluğu hallarına görə də ölüm cəzası nəzərdə tutulur. Digər ağır cinayətlərə görə də cəzaların sərtləşdirilməsi təklif edilir.
Əlcəzairdə ölüm hökmü qanuni olaraq qüvvədə olsa da, sonuncu edam 1993-cü ildə həyata keçirilib. İnsan hüquqları təşkilatları ölüm cəzasının yenidən tətbiqinə qarşı çıxıblar.
Qanun layihəsi yuxarı palatada da təsdiqlənərsə, prezidentin imzasından sonra qüvvəyə minəcək.
///qafqazinfo///











































