Məşuqunu öldürən 3 uşaq anasına hökm oxundu

KRİMİNAL
16:23 12.03.2014
2071
“Mənimlə cinsi əlaqədə olduğunu videoya çəkdiyini dedi”.
Elçinlə sevgi münasibətimiz olsa da, axır vaxtlar aramızda mübahisələr olurdu. Məni bir neçə dəfə döymüşdü. Sonuncu dəfə isə görüşəndə söyüb təhqir elədi. Mən də əsəbiləşib onu bıçaqladım. Törətdiyim əmələ görə peşmanam.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bu sözləri subay oğlanla sevgi macərası yaşayan 3 uşaq anası Mədinə Mürsəliyeva deyir. Onun sözlərinə görə, Elçinlə münasibətləri bir neçə il davam edib. Əvvəllər münasibətləri yaxşı olsa da, sonu faciə ilə bitib.
Mədinə ilkin ifadəsində bildirib ki, 1996-cı ildə Rüfət Mürsəliyevlə ailə həyatı qurub. Onların birgə nikahdan 12 yaşlı Ramiz, 11 yaşlı Fuad, 10 yaşlı Aysu adlı övladları var:
“Beş ildir ki, kirayədə yaşayırıq. Elçin Allahverdiyev və ailəsi 2011-ci ildən bizimlə eyni yataqxanada üzbəüz qonşuluqda yaşayır. Əvvəllər Elçin ilə bir-birimizi qonşu kimi tanısaq da, sonradan aramızda sevgi yaranıb. Təxminən 3 ildir onunla görüşürdük.
Dəfələrlə onun evində, oteldə və kirayə tutduğu evdə aramızda cinsi münasibət olub. Əvvəllər Elçinlə münasibətlərimiz yaxşı idi. 2013-cü ildən isə Elçinin mənə qarşı münasibəti dəyişdi. Həmin vaxtdan Elçin qohumlarından Günel adlı qızla evlənəcəyini deyirdi. 2013-cü ilin mart ayında nişanı oldu.
Aramızda mübahisə olan zaman Elçin mənə və qızımın ünvanına söyüş söyürdü. Mən də ondan acığımı çıxmaq üçün nişanlısı Günelə zəng vurub Elçinlə aramızda münasibət olduğunu dedim. Həmin vaxtdan sonra Elçin hətta məni bir neçə dəfə vurub. Bir ay əvvəl isə burnuma yumruqla vuraraq qanadıb.
Ondan şikayət edəcəyimi deyəndə isə, gözümün qarşısında qızımın başına oyun açacağını, ona qarşı əxlaqsız hərəkətlər edəcəyini deyirdi. Mənimlə cinsi əlaqədə olduğunu videoya çəkdiyini, ondan şikayət edəcəyim halda isə videonu ərimə verəcəyini söyləyirdi. Elçindən ayrılmaq istəsəm də, toy gününə qədər onunla görüşməyə davam etdim.
Elçinin evlənmək üçün kirayə tutduğu evdə də cinsi əlaqədə olmuşuq. Onunla könüllü cinsi əlaqədə olurdum. Lakin Elçinin evlənəcəyini bildikdən sonra ondan ayrılmaq istədiyimi deyəndə arvadı Güneli, eyni zamanda məni da saxlayacağını, ondan ayrılacağım halda məni biabır edəcəyini deyirdi. 15 sentyabr 2013-cü il tarixdə Elçinin toyu oldu. Həmin gün gəlin gətirməyə getmədim. Elçinlə telefonla danışdım və dükandan kontur aldığım üçün 14 manat borcum olduğunu dedim.
Elçin mənə bir nəfərlə pul göndərəcəyini bildirsə də, göndərmədi. Saat təxminən 20-21 radələrində Elçinin nömrəsinə zəng vurub söydüyüm üçün o, telefonu söndürdü. Sonra dəfələrlə ona zəng vursam da, zəng çatmadı. Ona görə də Günelin nömrəsinə zəng vurdum. Telefona Elçin cavab verdi. Ona söyüş söyərək pulu göndərmədiyini desəm də, Elçin elə danışdı ki, sanki məni tanımır. Yenidən Günelin nömrəsinə zəng vurdum. Telefona Günel cavab verdi.
Ona “Sizi xoşbəxt olmayasınız” dedim. Günel səbəbini soruşdu, Elçinlə aramızda münasibətdən xəbəri olduğu üçün ona “hər şeyi yaxşı bilirsən” dedim. Toy günü Günelə zəng vurduğum üçün səhəri gün Elçin zəng edib söyüş söydü. Mən də Elçinə söyüşlə cavab qaytardım. Həmin gün konturum olmadığı üçün kontur alıb, axşam yenidən Günelə zəng vurub, söyüş söydüm. Günel də söyüşlə mənə cavab verdi.
Səhəri gün, yəni sentyabrın 17-də saat 13-14 radələrində Elçin mənə zəng vurdu. Telefona cavab verən kimi Elçin azyaşlı qızımın ünvanına nalayiq söyüşlər söydü. Elçinə söyüşlə cavab qaytardım. Saat 16 radələrində Elçin mənə yenidən zəng vurub hansısa oğlana dostu Vüqarın nömrəsini verib ona zəng vurdurduğumu deyərək söydü.
Mən Vüqarı ona görə tanıdığımı, heç kəsə zəng vurdurmadığımı desəm də, Elçin Vüqarın da işdən çıxdığını, həmişəki yerdə görüşüb aydınlaşdırmağımızı dedi. Elçinlə çox vaxt Binəqədi rayonunda “Zirvə” restoranının yanında yerləşən binanın qarşısında oturacaqda görüşürdük. 15 dəqiqəlik məsafə olduğundan qısa müddətə ora çatdım.
Ora çatanda Elçinlə Vüqar oturacaqda oturmuşdular. Onlarla salamlaşdıqdan sonra oturdum. Həmin vaxt aramızda mübahisə düşdü. Vüqar Elçinin qolundan kənara çəkib apardı. Elçin qızımın ünvanına söyüş söydüyü üçün ona söyüşlə cavab verdim.
Vüqar hər ikimizə irad bildirərək “ayıbdı, neçə il görüşmüsüz, bir-birinizə əxlaqsız söyüşlər söyməyin” deyərək irad tuturdu. Söyüşlə Elçinə cavab qaytaranda o mənə “səni vuracam, get burdan” dedi. Ona “mən də onu istəyirəm ki, məni vurasan, polisə şikayət edim” cavabını verdim.
Elçin isə “sən elə ona görə gəlmisən, amma mən səni vuran deyiləm” dedi. Elçin söyüş söyəndə Vüqarı itələyib Elçinə tərəf getdim. Həmin vaxt Elçinlə görüşə gələndə evdən götürdüyüm və büstqalterin arasına qoyduğum bıçağı çıxarıb koftamın sağ qolunda gizlətdim. Elçinə çatıb “vurursan vur, vurmasan mən səni vuracam” deyib, qolumu yuxarı qaldırıb bıçağı çıxarmaq istəsəm də, bıçaq koftanın qoluna ilişdiyi üçün çıxmadı. Tez qolumu arxaya çevirib o biri əlimlə koftanın qolunu yuxarı qaldırdım.
Bıçağı çıxarıb onun ürəyinə sancdım. Həmin vaxt bıçağın tutacağı qırılıb əlimdə, tiyəsi isə Elçinin sinəsində qaldı. Elçin qışqıraraq Vüqarı çağırdı. Həmin vaxt Vüqarla ona kömək etdim. Sonra onun taksiylə xəstəxanaya gətirdik. Bir qədər dayanıb gözlədim, sonra isə evə gəldim. Evə çatanda polisdən zəng edib bölməyə çağırdılar. Ora gedəndə isə Elçinin öldüyünü eşitdim”.
Günel Allahverdiyeva isə ifadəsində bildirib ki, tez-tez ona gizli nömrədən zənglər gəlib:
“Mənə zəng edib deyirdi ki, “O səni seçdi. Allah səni bədbəxt eləsin”. Mən də əsəbiləşib, Elçindən həmin qadının kim olduğunu soruşurdum. Elçin and içirdi ki, Gülşən adında bir qadındır, evlidir, əvvəllər onunla münasibəti olsa da, indi aralarında heç nə yoxdur. Toyumuzun səhəri günü yenə mənə zəng gəldi. Cavab verən kimi həmin qadın söyüş söyərək “sənin yataq otağında Elçinlə yatmışam” dedi.
Ondan kim olduğunu soruşanda isə nə adını, nə də nömrəsini dedi. Ona inanmadığımı desəm də, həmin qadın mənə yataq otağımda cehiz gətirdiyim əşyaların yerini, rəngini bildirdi. Mənə “Elçin sənin olmayacaq, mənim olacaq” deyirdi. Elçin evə gələndə ona bu barədə danışdım. Elçin isə həmin qadının bu evə gəlmədiyini, ola bilsin ki, dostlarından kiminsə evdə olan əşyalarının yerini, rəngini həmin qadına dediyini bildirdi”.
Bu iş üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə M.Mürsəliyevaya hökm oxunub. Hökmə əsasən, M.Mürsəliyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR