Qəzet ya təkzib verməli, yaxud da qarşı tərəfin mövqeyi əks olunan məktub dərc etməlidir Mətbuat Şurası İdarə Heyətinin 19 sentyabr tarixli iclasında Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti ilə bağlı müraciəti əsasında çıxardığı 218 saylı qərarın surəti Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinə təqdim edilib. AZXEBER.COM-un YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, YAP sədr müavini Əli Əhmədovun Mətbuat Şurasına ünvanladığı 10 avqust tarixli məktubda “Azadlıq” qəzetinin 9 avqust 2011 – ci il tarixli sayında dərc olunmuş “Ermənilərin YAP-dan fərqi” sərlövhəli yazısında partiyaya münasibətdə yalan, iftira və böhtan dolu fikirlərin yer aldığı diqqətə çatdırılıb, məqalənin sözügedən qurumda müzakirə edilməsi və müvafiq qərarın çıxarılması xahiş edilib. Mətbuat Şurasının məsələ ilə bağlı qəbul etdiyi qərarda bildirilir ki, “Azadlıq” qəzetində dərc olunmuş həmin məqalədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı I prinsipinin 1.1-ci bəndi (jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır), 1.2 - ci bəndi (“jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaratmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.”) və “İnformasiya qaynaqlarına sayğılı yanaşma” adlı II prinsipinin 2.2 - ci bəndinin tələbləri pozulub. Mətbuat Şurası bütün bunları nəzərə alaraq qərara alıb ki, “Azadlıq” qəzeti adıçəkilən məqalə ilə bağlı ya təkzib verməli, yaxud da qarşı tərəfin mövqeyi əks olunan məktub dərc etməlidir.