Aprelin 10-da Moskvada bıçaqlanaraq öldürülən Mətin Mehtiyevin dəfn mərasimində minlərlə insan iştirak edib.Mərhumun duasını Rusiya Müftilər Şurasının rəhbəri Şeyx Ravil Qaynutdin oxuyub.O, bir müddət əvvəl Rusiyanın baş prokuroru Yuriy Çaykaya müraciət edərək istintaqı öz nəzarətinə götürməsini xahiş etmişdi. Müfti göndərdiyi rəsmi məktubda baş prokurorluqdan cinayətdə millətçi-ekstremistlərin də iştirakı ola biləcəyini istisna etməmələrini istəyib.Qeyd edək ki, istintaq qətlin əsasən qarət məqsədi daşıdığının üstündə durub. Belə ki, RF DİN Baş İdarəsinin rəsmi saytında qurbanın «Vertu» markalı mobil telefonunun, pula dolu portmanasının və mənzilinin açarlarının oğurlandığı bildirilib.Həmin gecə bir neçə nəfərin bomjlar tərəfindən qarət olunması da bu versiyanın üzərində durmağa əsas verib.Ancaq onu da qeyd edək ki, DİN tərəfindən dərc edilən ehtimal olunan qatilin şəklindəki şəxs heç də bomja oxşamır.Rusiya Müftilər Şurası isə qətlin millətçi xarakter daşıdığını bildirir. Şeyx Qaynutdin mərhumun boğazının kəsilməsini bu versiyanın sübutu olacağını deyib. Xatırladaq ki, dünən RF DİN-i müsəlman ictimai xadiminin ehtimal olunan qatilinin şəklini dərc etmişdi.