Bakı metrosunda sərnişinlər üçün yeni ödəniş sisteminin tətbiqi maraqla gözlənilir. Belə ki, sərnişin bir dəfə ödəniş etdikdən sonra 90 dəqiqə ərzində metrodan təkrar istifadə edərkən əlavə vəsait ödəməyəcək.
Bu mexanizmin tətbiqi xüsusilə gün ərzində bir neçə dəfə metrodan istifadə edən və marşrutunu dəyişməli olan sərnişinlər üçün əhəmiyyətli yenilik olacaq.
Bəs bu sistemin tətbiqinə nə vaxt başlanılması nəzərdə tutulur və sərnişinlər 90 dəqiqə ərzində digər stansiyalardan istifadə edərkən həqiqətən də əlavə ödəniş etməyəcəklərmi?
"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi və sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin asanlaşdırılması planlaşdırılan dəyişikliklərin əsas istiqamətlərindən biridir:
"Nəzərdə tutulan yanaşmaya əsasən, sərnişinlərə müəyyən vaxt intervalı ərzində vahid ödəniş əsasında (əlavə ödəniş etmədən) müxtəlif nəqliyyat növlərindən istifadə imkanının yaradılması nəzərdə tutulur. Bu model səfərlərin daha rahat planlaşdırılmasına və nəqliyyat xərclərinin optimallaşdırılmasına xidmət edəcək.
Sözügedən yanaşma Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ictimai nəqliyyatda həyata keçirilməsi nəzərdə tutulan islahatlarla əlaqəlidir.
Bu məsələlər üzrə qərarlar aidiyyəti qurumlar tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".











































