Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
SOSİAL
20:51 29.09.2026
256
Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib.

AZXEBER.COM Baku.ws-ə istinadla xəbər verir ki, bu qərarın xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətindən gələn sərnişinlərin şəhərin mərkəzinə daxil olmadan metrodan istifadəsinə şərait yaratması və "20 Yanvar" ərazisində sərnişin sıxlığının azaldılması məqsədi daşıdığı bildirilib.

İlkin açıqlamalara görə, stansiyalarda ödənişsiz girişin ən azı bir ay davam etdirilməsi nəzərdə tutulur və sonrakı müddət aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq. Bununla əlaqədar sərnişinlər arasında ödənişsiz xidmətin konkret olaraq nə vaxta qədər davam edəcəyi, tətbiqin nəticələrinin necə qiymətləndiriləcəyi və eyni yanaşmanın gələcəkdə digər metro stansiyalarına da şamil olunub-olunmayacağı ilə bağlı suallar yaranıb.

Maraqlıdır ki, ödənişsiz keçid nə vaxta qədər davam edəcək? Daha hansı metro stansiyalarında oxşar vəziyyət tətbiq oluna bilər?

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda "Avtovağzal" və "Xocəsən" stansiyalarında ödənişsiz keçidin hansı müddətədək davam edəcəyi ilə bağlı konkret tarix müəyyən edilməyib:

"Bununla bağlı qərar bu tədbirin həmin ərazidə sərnişin axınının bölüşdürülməsinə və nəqliyyat yükünün tarazlaşdırılmasına təsiri nəzərə alınmaqla veriləcək. Sərnişin axınının tənzimlənməsi və yerüstü nəqliyyatın hərəkətinin daha optimal tənzimlənməsi baxımından zərurət yaranarsa, müxtəlif həllərin digər stansiyalarda, avtobus marşrutlarında və ərazilərdə tətbiq edilməsi istisna olunmur".
OXŞAR XƏBƏRLƏR