Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla bu müsahibə 2010-cu ildə götürülüb. "Azadlıq Radiosu"nun “İşdən sonra” verilişində yayımlanmış həmin müsahibədə metrodakı ticarətlə bağlı hissəni oxuculara təqdim edir. Verilişdə T.Əhmədov, əsasən, dinləyici suallarını cavablandırır və toxunulan məsələlər hazırda çox aktualdır. Belə ki, “Bakı Metropoliteni” QSC-nin yeni rəhbəriZaur Hüseynovun təyinatından sonra metro stansiyalarında ticarət yasaqlanıb. Obyekt sahiblərinə isə martın 27-dək möhlət verilib. – Lalə Əliyeva Sizə yazır: “Salam, Tağı müəllim. Sizin maaşınız nə qədərdir? Dolanmağa çatırmı? Keçidlərdəki ticarət yerlərindən gələn pullar kimə gedir? - O pulların hamısı dövlətə gəlir. Onların hamısında iki minə yaxın adam işləyir. Hər ailədə beş adamın olduğunu nəzərə alsaq, bu, Bakıda 10 min adamın özünə iş yeri tapması deməkdir və oradan qazanılan pul metropolitenə gəlir. Bu gün Bakı Metropolitenindən istifadə edənlərin sayı gündə 1.1 milyon nəfər olarsa, artıq biz bu ticarət köşklərini də aradan çıxararıq. Artıq “İçəri Şəhər”, “Sahil” stansiyalarında dükan yoxdur. Yavaş-yavaş da yığışdırılacaq. Amma gəlin görək, bu 10 min adamı Lalə xanımın sözü ilə ac qoymaq yaxşıdır, ya pis?! Lalə xanıma təklif edirəm, qoy əvvəlcə onlara iş yeri tapsın, sonra gözüm üstə, hər şey etmək olar. – O mağazalardan gələn vəsaitin həcmini deyə bilərsinizmi? - Əlbəttə, niyə demirəm, ayda 70 min manat vəsait köçürülür. Bunun da hamısı metroya sərf olunur. Bəziləri düşünür ki, guya orada qaz vurub-qazan doldururlar. Xeyr, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir. – Yeraltı keçidlərdən ildə nə qədər vergi ödəyirsiniz? – Heç bir manat da ödənmir. Bunun o sualı verən yoldaşa heç bir aidiyyəti yoxdur. – Arif imzalı dinləyicimiz soruşur ki, bəs maaşınız barədə suala cavab vermədiniz? – Hə, mənim öz maaşım? Üzr istəyirəm, mənim maaşım 890 manatdır. Ancaq 40 ildir metropolitendə işlədiyimə görə əlavələr var, onu alıram, “Fəxri dəmiryolçu” kimi əlavələr var, onu alıram, bir də üstəliklər var, onu alıram. Yəni, təkcə 890 manat deyil, bundan bir qədər artıq pul alıram. Amma sırf maaşım 890 manatdır. – Bir dinləyicimiz yazır: “Salam, Tağı müəllim, xahiş edirəm, verəcəyim suala səmimi cavab verin. Maaşdan, rəsmi mükafatdan əlavə, ayda nə qədər qazanırsınız, onun neçə faizini “yuxarı”lara verirsiniz, əgər “yox” desəniz, buna bişmiş toyuğun da gülməyi gələcək”. – O adama deyərəm ki, sənin canın üçün heç bir qəpik də qazanmıram, nə də heç kəsə borcum yoxdur. – “Göyçək Meri” imzası ilə bir nəfər yazır: “Elmlər Akademiyası” stansiyasının binasında bəzi kosmetika salonları var. Onların sizin ailə üzvlərinizin olması barədə iddialara nə deyərdiniz? – Birincisi, and içərəm ki, o kosmetika salonlarının harda olmasını bilmirəm. İkincisi, mənim bu barədə qətiyyən xəbərim yoxdur. İndi xanıma and içən deyiləm, amma səmimi qəbul etsin ki, bizim ailə üzvlərinə aid heç bir elə şey yoxdur. – Sultan imzalı soruşur: “Metroda hər mağazadan nə qədər yer haqqı alınır? Mənim bir yaxın qohumumdan ayda yeddi-səkkiz yüz manat alırlar. Bu pul metropolitenə çatırmı?” – Yəqin ondan az alırlar, bir az çox alsaydılar, çatardı... Yəqin ki, çatır. – Yəqin ki, bu kvadratla hesablanır... – Xanım qız, yeddi-səkkiz yüz baxır, hansı kvadratadır. Bunlar absurd suallardır. Baxır stansiyanın yerinə. Tutaq ki, “Ulduz” stansiyasında heç nəyədir, “Əzizbəyov” stansiyasında ondan bir az bahadır. Ona görə, bu ticarətlə kim maraqlanırsa, qoy dəqiqləşdirib, sonra soruşsun. Onun qohumundan nə alırlar, harda alırlar, mənə aid olmayan suallardır. – Tağı müəllim, məsələn, “Nizami” stansiyasında yer neçəyədir - Bir kvadrat metri 100 manatdan artıq heç yerdə yoxdur. Ən bahası 100 manatdır.