Metronun “Məşədi Əzizbəyov” stansiyası noyabrın 1-dən bağlanacaq

Metronun “Məşədi Əzizbəyov” stansiyası noyabrın 1-dən bağlanacaq
Bütün Xəbərlər
15:51 29.10.2011
1285
Noyabrın 1-dən Bakı Metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasına sərnişinlərin giriş və çıxışı tam məhdudlaşdırılacaq.


Bu barədə APA-ya açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. Bununla əlaqədar qatarlar «Məşədi Əzizbəyov» stansiyasında dayanmadan hərəkət edəcək. T. Əhmədovun sözlərinə görə, stansiyaya sərnişinlərin giriş və çıxışının məhdudlaşdırılması yenidənqurma işləri ilə bağlıdır. Bu prosesin nə vaxta qədər davam edəcəyinə gəlincə, Metropoliten rəisi konkret vaxt bildirməyib.


«Stansiya dekabr ayında təkrar istifadəyə açılacaq. O vaxta qədər sərnişinlərin giriş və çıxışı məhdudlaşdırılacaq», - deyə T. Əhmədov vurğulayıb.


T. Əhmədov bildirib ki, stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində xeyli dəyişiklik olacaq. Keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyündə olacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.


Yenidənqurmadan sonra stansiyanın adının dəyişdirilib-dəyişdirilməyəcəyinə gəlincə, Metropoliten rəisi bunun Nazirlər Kabinetindən asılı olduğunu deyib.

Qeyd edək ki, məhdudiyyətlərlə əlaqədar son dayanacağı «Məşədi Əzizbəyov» stansiyasının qarşısı olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilib.

Dayanacaqlar müvəqqəti olaraq metronun «Ulduz» stansiyasının qarşısına köçürüləcək.
OXŞAR XƏBƏRLƏR