“Azərbaycanda taxıl istehsalı bu il 30 faiz azalıb. Əgər ötən il 3 milyon ton taxıl istehsal edilmişdisə, bu il bu göstərici 2-2.5 milyon ton olub. Ölkədə taxıl istehsalı azaldığından biz taxılı başqa - Rusiya, Qazaxıstan kimi ölkələrdən idxal etmək məcburiyyatində qalırıq. Dünyada hökm sürən maliyyə böhranı, təbii fəlakətlər bütövlükdə taxıl istehsalını ciddi şəkildə aşağı salıb. Bu da kənd təsərrüfatı sahəsində taxılın azalmasına gətirib çıxarıb. Həmçinin Rusiyada, Ukraynada taxıl ixracına qoyulan qadağa isə xaricdən idxal edilən taxılın qiymətinə də təsirsiz ötüşməyib”. Bunu Nazirlər Kabinetinin Azərbaycana gətirilən buğda və unun əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı qərarına münasibət bildirən millət vakili, Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Əli Məsimli bildirib.
Onun sözlərinə görə, bu da təbii ki, taxılın, unun satış qiymətinə öz təsirini göstərir. Nəticədə aztəminatı təbəqənin ən çox istifadə etdiyi çörəyin qiymətində dəyişiklik biruzə verir.
Millət vəkili deyir ki, son zamanlar taxılın qiyməti istehsalçı ölkələrin özlərində də xeyli bahalaşıb. Buna səbəb isə yuxarıda adıçəkilənlərdir: “Dünyada hökm sürən maliyyə böhranı, təbii fəlakətlər bütövlükdə taxıl istehsalını ciddi şəkildə aşağı salıb. Bu da kənd təsərrüfatı sahəsində taxılın azalmasına gətirib çıxarıb. Bu məhsul ölkəyə gətirildiyi halda daha yüksək qiymətə satılmalı olur ki, bu da sonradan ölkədə un və buğda məhsullarının qiymətinin artmasına səbəb olur. Bu qiymət artımının qarşısını almaq üçün ƏDV götürülməli idi. Taxıl və buğda məhsulları ƏDV-dən azad edilməli idi”
Millət vakili düşünür ki, taxıl məhsullarının ƏDV-dən azad edilməsi birbaşa olaraq çörəyin qiymətinin qalxmasının qarşısını alacaq. Amma Ə. Məsimli gileylənir ki, bir çox hallarda çörəyin qiyməti dəyişməz qalır, amma çəkisi azaldılır. Bu da aztəminatlı ailələrə daha böyük zərbə vurmuş olur: “Düşünürəm ki, bununla iş bitməməlidir. Aidiyyati dövlət qurumları bununla bağlı obyektiv monitorinqlər aparmalı, çörəyin qiymətinin qalxmasının və çəkisinin azalmasının qarşısını almalıdırlar”. //Ans Press