Millət vəkili ABU-nun keçmiş rektorunu biabır etdi: 'Hardan idi sizdə bu milyonlar?'

Millət vəkili ABU-nun keçmiş rektorunu biabır etdi:
Bütün Xəbərlər
14:59 20.09.2012
1968

Çingiz Qənizadə, Milli Məclisin üzvüAzərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayevin bu gün mətbuatda yayımlanan bəyanatı ilə tanış olduqda fikirləşdim ki, atalar həqiqətən düz deyib ki – “Utanmasan oynamağa nə var ki”.

Mən həmin bəyanatda E.Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı mövqeyinə toxunmadan bu cinayət işinin araşdırılmasını, verilmiş vəsatətlərin və sorğuların təmin edilməsini və cavablandırılmasını istərdim.

Söhbətim M.Abdullayevin özü və fəaliyyəti ilə bağlı olacaqdır. Bəyanatdan bəlli olur ki, Mahir Abdullayevin işi ilə bağlı E.Abdullayev bəzi şəxslərə 3 mln. ABŞ dolları pul ödəyib və aldadılıb. Daha sonra 2005-ci ilin noyabr ayında keçirilmiş Milli Məclisə seçkilərdə deputat statusu əldə etmək üçün daha 2 mln. ABŞ dolları pul ödəyib və aldadılıb.

Bu iki məsələ ilə bağlı ortaya məntiqi bir sual çıxır. Hardan idi sizdə 5 mln. ABŞ dolları pul ki, belə sağa-sola xərcləmisiniz!

Əgər E.Abdullayev 2 mln. ABŞ dolları pulu Milli Məclisə düşmək üçün Gülər xanım Əhmədova vasitəsilə Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə göndərmişdisə onda nə üçün bu gün Strasburqda məskunlaşıb?

Deyək ki, 2005-ci ilin noyabrında hansısa anlaşılmazlıq nəticəsində sizin haqsız və qanunsuz istəyi baş tutmamışdır. Boş qalmış yerlərə 2006-cı ilin may ayında keçirilən əlavə seçkilərdə 9 saylı 2-ci Binəqədi seçki dairəsindən təkrar namizədliyinizi verərək mənimlə həmin dairədə alternativ oldunuz. Bəs 2006-cı ildə nə baş verdi? Qanunsuz hərəkətləriz o həddə çatdı ki, namizədliyiniz ləğv edildi.

Əgər pul vermişdinizsə necə oldu ki, 2005-ci ilin noyabr ayından 2006-cı ilin may ayına qədər 6 ay müddətində bu məsələni, Gülər xanımın sizi aldatdığını cənab R.Mehdiyevə çatdıra bilmədiniz? 7 ildir susmağınızın və indi həqiqətdən kənar danışmağınızın səbəbi mənə aydındır.

Sizə ölkə rəsmilərini tənqid etmək, böhtan atmaq ona görə lazımdır ki, özünüzü siyasi mühacir kimi Fransaya sırıyasınız. Bunu sadə oxucular bilməsələr də, biz hüquq müdafiəçiləri çox yaxşı başa düşürük ki, ölkə rəsmilərini tənqid etməsən, böhtan atmasan və bunu mətbuatda çap etdirərək sübut kimi təqdim etməsən həmin ölkədə siyasi mühacir kimi oturum ala bilməzsən!

Cənab Abdullayev! Bakı Dövlət Universitetində 30-40 il çalışan müəllim-professor heyəti tanıyıram ki, çox kasıb dolanır, işə ictimai nəqliyyatla gəlib gedirlər. Haradan idi sizdə milyonlarla pullar? Bəlkə halal yolla qazandığınızı iddia edəsiniz?!

Siz 4 mindən çox gənci saxta yolla rəhbərlik etdiyiniz ABU-ya qəbul etdirərək onları həm mənəvi, həm də maddi cəhətdən şikəst etmisiniz!

ABU bağlananda ah-naləsi aylarla ərşəyə çəkilən minlərlə valideyn və tələbələri siz tez-tez uzaqdan, maşının içindən müşahidə edirdiniz. Həmin milyonlar, mal-qarasını, maşınını, qır-qızılını satıb övladlarını ABU-ya qanunsuz yolla daxil etmək üçün sizə verilən valideyn pulları idi. Bu gün minlərlə sadə aldadılmış insanlar sizi axtarır. Sizinlə bağlı bir faktı da nəzərinizə çatdırmaq istəyirəm.

Şamaxı rayonunun Kirovka adlanan bir kəndi var. Orada mənim də bağım var. Sizin və qardaşınızın bağları orada yerləşir. Kəndin çox sadə və zəhmətkeş əhalisi var. Siz həmin kənddən 20 nəfərə yaxın şəxsi aldadaraq 4-5 min ABŞ dolları məbləğində pul almısınız. Və bu gün onların övladları diplomsuz küçələrdə qalmışdırlar. Hər dəfə mən kəndə gedəndə onlar bizə gəlir, pullarını almaq üçün sizi axtardıqlarını bildirirlər. Yəqin ki, bir daha o kəndə də qayıda biməyəcəksiniz.

Qəbuldan sonra da ABU-da təhsil alan tələbələrin başına açdığınız oyunlardan hamı xəbərdardır. İmtahanlarda və semesterlərdə yığdığınız pullar azmış kimi, sonda dövlət imtahanları zamanı tələbələrə etdiyiniz zülmlər yaddan çıxa bilməz.

Dövlət imtahanı üçün bir qarnı ac, bi qarnı tox tələbələrdən 1500 manat pul tələb edirdiniz. Bir misal da çəkim.

Mənim qardaşım oğlu Elvin Qənizadə TQDK xətti ilə imtahan verərək qanuni yolla ABU-nun hüquq fakültəsinə daxil olmuşdu. Dövlət imtahanında TQDK xətti ilə qəbul olunduğu üçün ondan hörmət əlaməti olaraq 1500 manat deyil, 1000 manat tələb edirdiniz. Dəfələrlə sizi aradım, məndən, telefondan qaçdınız. Nəhayət Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova müraciət etdim. Yalnız bundan sonra pul almaqdan qorxdunuz.

ABU-da tələbələr hərbi komissarlığa arayış təqdim etmək üçün sizə 200-300 manat arasında pul ödəmək məcburiyyətində idilər.

Şəxsiyyətinizə o qədər pərəstiş yaranmışdı ki, ABU-ya gələrkən çantanızı bir nəfər, paltonuzu başqa bir nəfər arxanızca gətirirdi. Qəbulunuza düşmək isə ümumiyyətlə qeyri-mümkün idi.

Niyə? Kimdən qaçırdınız?

Cavab çox sadədir. Çünki fəaliyyətinizin hər bir addımı oğurluq, dələduzluq, vəzifə cinayətləri ilə bağlı idi. Hamıdan və hər kəsdən qorxurdunuz. Siz hökumətdən yox, minlərlə aldatdığınız valideynlərdən, minlərlə incitdiyiniz tələbələrdən qorxaraq ölkədən qaçmısınız.

Özünə pərəstiş sizdə o həddə çatmışdı ki, özünüzü bəzi sənədlərdə akademik kimi təqdim edirdiniiz. Amma çoxları bilmirdi ki, sizin doktorluq işiniz plagiat olub, Rusiyanın görkəmli alimlərinin əsərlərindən oğurlanaraq yazılmışdır.

Görkəmli rus alimləri Y.A.Tixomirovun “Kurs adminstrativnoqo prava i prosessa” Moskva, 1998-ci il və A.N.Kozırinin “Adminstrativnoye pravo zarubejnıx stran” Moskva 1996-cı il nəşrli dərs vəsaitlərini nöqtə-vergülünə qədər dəyişmədən “Sravnitelnoe administrativnoe pravo” adlı doktorluq işi “yazmısınız”.

1998-ci ildə “Müqayisəli inzibati hüquq” II hissə dərslik kitabını çap etdirərək plagiat elmi işinizi həmin dərslik kitabına köçürmüsünüz. Deməli dərslik də, elmi işiniz də görkəmli rus alimləri Y.A.Tixomirovun və A.N.Kozırinin əsərlərindən oğurlanmışdır.

Bu gün qoynuna sığındığınız Fransanın görkəmli alimi Q.Brebanın “Fransuzskoe administrativnoe pravo” kitabının 1988-ci il Moskvanın “Proqress” nəşriyyatı tərəfindən tərcümə edilərək çap edilmiş variantını “Qanun” jurnalında öz adınızdan “Müqayisəli inzibati hüquq” I hissə kimi çap etdirmisiniz.

Bu fikirlərimi təsdiq edən sənədləri yaxın günlərdə Fransanın və Rusiyanın Azərbaycandakı Səfirliklərinə təqdim edəcəyəm.

Mənim məlumatıma görə Rusiyanın Ali Attestasiya Komissiyası sizin 2000-ci ildə “Sravnitelnoe administrativnoe pravo” adlı doktorluq işinin ləğvi ilə bağlı Azərbaycan Ali Attestasiya Komissiyasına məktub göndərmişdir.

Azərbaycan AİK isə Bakı Dövlət Universitetini bu haqda məlumatlandırmışdır.

Bu gün xarici ölkədə oturub ona-buna qara yaxmaq, böhtan atmaqdansa sizin Fransadakı məscidlərdən birinə gedərək insanların başına açdığınız oyunlarınıza görə Allahdan bağışlanmağınızı rica etməyiniz daha məqsədəuyğun olardı.

Sizin bu günkü bəyanatınız, “Oğru elə bağırdı ki…” atalar misalına daha çox oxşayır.

Nə isə… Elşad müəllim, utanmasan oynamağa nə var ki…

P.S. Mən bir neçə gündən sonra, 29 sentyabr-6 oktyabr tarixlərində Avropa Şurasının payız sessiyasında iştirak etmək üçün Strasburq şəhərində olacağam. Əgər mənim fikirlərimdə həqiqətdən kənar nə isə tapsanız sizi çay süfrəsinə dəvət edir və dinləməyə hazıram. Telefon nömrəm isə dəyişməmişdir

OXŞAR XƏBƏRLƏR