Millət vəkili: “Azərbaycan ordusunda “dedovşina” var”

Millət vəkili: “Azərbaycan ordusunda “dedovşina” var”
Bütün Xəbərlər
22:45 13.12.2011
2870
Milli Məclisdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanunun müzakirəsi ciddi diskussiya şəraitində keçib. Fasilədən sonra iclasda çıxış edən deputat, respublikanın keçmiş hərbi komissarı Əliağa Hüseynov bir sıra arqumentlər gətirərək deputatların magistr və doktorantura təhsili alan şəxslərə möhlət hüququnun verilməsinə qarşı çıxıb.“Mən ölkənin hərbi çağırış sistemini bilən şəxs kimi deyə bilərəm ki bizim insan resursu ilə bağlı çətinliklərimiz var. Hazırkı şəraitdə bu kateqoriyadan olanlara möhlət hüququnun verilməsi doğru deyil. Biz müharibəyə hazır olmalıyıq. Nəyi vermişiksə artıqlaması ilə almalıyıq. Əvvəllər verilmiş torpaqları da geri almalıyıq. Onu da unutmaq olmaz ki, bütün dünya ilə üz-üzə dayanmışıq. İranla, Rusiya ilə hansı münasibətlər var, bunu nəzərə almalıyıq”, – deyə Ə. Hüseynov vurğulayıb.Onun sözlərinə görə, Elmi Şuraların təqdimatı və hökumətin təsdiq etdiyi siyahı üzrə müəyyən sayda insana hərbi xidmətdən möhlət hüququ verilə bilər.Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə konkret faktlara müraciət edərək magistratura və doktoranturada təhsil alan şəxslərə möhlət hüququnun verilməsini zəruri sayıb. A. Məhərrəmov bildirib ki, hər il Azərbaycanda 120 min nəfər orta məktəbdən məzun olur. Bunun isə 50 mini orduya çağırılır: “Magistratura və doktorantura pilləsində təhsildən fasiləsizliyi təmin etmək üçün möhlət hüququ verilməlidir. Onlar təhsili bitirəndən sonra hərbi xidmətə getsinlər. İyirmi birinci əsr elm, təhsil əsridir. Qoy gedib magistrlər, doktoranturanı qurtaranlar xidmət etsin. Bu gün orduya əsgər istəyirsiniz. Soruşuram, biz hansı əsgərlərlə elmi inkişaf etdirməliyik?”Deputat Gülər Əhmədova isə Azərbaycan ordusunda “dedovşina” olduğunu deyib: “Azərbaycan ordusunda «dedovşina» var. Bu nəticədir. Səbəb nədir? Bunu axtarmaq lazımdır. Mən dəfələrlə demişəm, orduda psixoloji xidmət yoxdur. Bunu təşkil etmək lazımdır. Orduda hərbi psixoloqlar olmalıdır. Bunun təşkili üçün bizdə kifayət qədər kadrlar da var”.Vitse-spiker Ziyafət Əsgərov vitse-spiker orduda psixoloji xidmətin gücləndirilməsinə tərəfdar olduğunu da qeyd edib. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
OXŞAR XƏBƏRLƏR