Millət vəkili Ceyhun Osmanlı gənclərlə səmimi söhbət etdi - FOTOLAR

GƏNCLİK
15:10 05.02.2013
2625

“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsinin 3-cü günü ilk olaraq səmimi söhbət paneli baş tutub.

AZXEBER.COM-un məlumatına görə, Səmimi söhbət panelinin qonağı Milli Məclisin deputatı Ceyhun Osmanlı olub.

İlk olaraq millət vəkili keçirilən ötənilki layihələrdən, mahiyyət və gözlənilən nəticələr haqda məlumat verib.

Millət vəkili qeyd edib ki, insan ən böyük uğurlara gedən yolda ilk sərhəddi öz beynində keçər. Bəzən aşılması ən böyük sərhəd insanın özünə olan inam sərhəddidir: “Uğur mənə görə bir nəticədir. Mənim üçün ən uğurlu insan məşhur olub da şəxsi mənfəətinə deyil, məşhur olmasa belə millətinin, hətta dünyanın mənfəətinə işlər görə bilən insandır”.

Ceyhun Osmanlı gənclərə çətinliklərdən qorxmamağı tövsiyyə edib: “Həyatda da bəzən çətinliklər olur. Odur ki, çətinliklərin nə olmasından asılı olmayaraq sevimli arzularınızdan, məqsədinizdən uzaq düşməyin. Müsbət cəhdləri, müsbət düşünməyi alışqanlıq halına gətirin”.

Səmimi söhbətin qonağı iştirakçıların sualları əsasında gənclər sferasına qoşulduğu dövrləri və əldə etdiyi uğurlardan danışıb. Eyni zamanda fəaliyyəti haqda da söhbət açıb. 

Deputat Azərbaycanda gənclər siyasətinin uğurlarından söz açaraq, ölkəmizdə özünü ifadə etmək istəyən hər bir gəncə bütün imkanların yaradıldığını vurğulayıb. O Azərbaycanda gənclərin inkişafına dair 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramının əhəmiyyətindən danışaraq qeyd edib ki, bu birbaşa Prezident İlham Əliyevin Azərbaycan gəncliyini verdiyi önəmin göstəricisidir. Deputat həmçinin deyib ki, Azərbaycan gənclər sahəsində reallaşdırdığı bir sıra layihələrə görə nəinki region, hətta bir sıra Avropa ölkələrilə müqayisədə öndədir. 

Sonda millət vəkili gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb, onların aktivliyini müsbət qiymətləndirib və komandalara uğurlar arzu edib.

OXŞAR XƏBƏRLƏR