Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib.
O qeyd edib ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi" (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə", "Miqrasiya haqqında Bəyanata" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına" bir sıra ölkələr qoşulub:
"Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb".
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib ki, Azərbaycan xarici siyasətində milli maraqların qorunması ilə yanaşı, müstəqil qərarvermə hüququnu da möhkəm şəkildə öz əlində saxlayır:
"Eyni zamanda, bu yanaşma əlavə siyasi öhdəliklərdən yayınma prinsipini də nəzərdə tutur. İlk növbədə, dərk etmək lazımdır ki, Azərbaycanın sözügedən sənədlərə qoşulmaması Avropa ilə əməkdaşlıqdan imtina etməsi demək deyil. Əksinə, Azərbaycan Avropa Siyasi Birliyinin platformasında iştirak etməklə əməkdaşlığı və dialoqu davam etdirdiyini göstərir. Lakin istənilən siyasi təşəbbüsə münasibət, heç şübhəsiz ki, onun məzmununa, yarada biləcəyi potensial nəticələrə və milli maraqlara uyğun şəkildə müəyyənləşdirilir.
Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə gəldikdə, bu təşəbbüs Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb. Məqsəd Avropanın gələcək təhlükəsizlik arxitekturasına dair vahid siyasi mövqenin formalaşdırılmasıdır. Yəni, burada əsas məsələ Avroatlantik təhlükəsizliyin tərkib hissəsi kimi hansı məsələlərin qəbul edilməsidir. Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Lakin bu, o demək deyil ki, Azərbaycan həmin məsələ ətrafında formalaşdırılan bütün yanaşmalara müsbət münasibət bildirməli və ya onlara avtomatik şəkildə qoşulmalıdır. İstər Avropa dövlətləri, istərsə də Rusiya ilə münasibətlərdə bizim müstəqil xarici siyasət kursumuz var. Biz heç bir halda itaətkar müttəfiq olmamışıq və bundan sonra da bu istiqamətdə qətiyyət nümayiş etdirəcəyik”.
Politoloq əlavə edib ki, konkret geosiyasi kontekstdə nəzərdən keçirilən, hazırlanan və gələcək addımları özündə ehtiva edən sənədlərə və prinsiplərə qoşulmaq, şübhəsiz ki, xarici siyasətdə manevr imkanlarımızı müəyyən mənada çərçivəyə sala bilər:
"Ona görə də Avropanın təhlükəsizlik arxitekturasının formalaşdırılmasından söhbət gedirsə və Azərbaycanın da bu prosesə qoşulması zərurəti və ya istənilən belə bir fikir varsa, mütləq şəkildə ölkəmizin milli maraqları nəzərə alınmalıdır. Miqrasiya haqqında Bəyanata gəldikdə, bu sənəd Böyük Britaniya, Danimarka və İtaliyanın təşəbbüsü ilə hazırlanıb. Dublin sammitində onun 41 lider tərəfindən dəstəkləndiyinin şahidi olduq. Məsələnin mahiyyəti qeyri-qanuni miqrasiyanın azaldılması və miqrasiya proseslərinə daha ciddi nəzarətin təmin edilməsidir. Bu gün Azərbaycan informasiya mübadiləsinin gücləndirilməsində iştirak edən tərəf olmaqla yanaşı, Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı kimi də çıxış edir. Miqrasiya yalnız humanitar və sosial məsələ deyil, eyni zamanda, sərhəd təhlükəsizliyi və regional əməkdaşlıq məsələsidir. Buna görə də Azərbaycan miqrasiya siyasətini öz milli qanunvericiliyi, beynəlxalq öhdəlikləri və milli təhlükəsizliyi prizmasından müəyyənləşdirməyə üstünlük verir. Bu baxımdan, ölkəmiz gələcəkdə yarana biləcək müəyyən siyasi gözləntilərin və əməkdaşlıq çərçivələrinin dərhal qəbul edilə bilməyəcəyini diqqətə çatdırır. Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına gəldikdə isə bu təşəbbüs Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloni tərəfindən irəli sürülüb. Söhbət narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Avropa ölkələrinin koordinasiyalı mübarizəsinin gücləndirilməsindən gedir. Burada da Azərbaycanın coğrafi mövqeyi nəzərə alınmalıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakımızı nəzərə alsaq, şübhəsiz ki, narkotik qaçaqmalçılığına qarşı mübarizə də bizim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığa açıqdır və əməkdaşlığı davam etdirə bilər. Lakin konkret Avropa koalisiyasının yaratdığı siyasi və əməliyyat çərçivəsində bu bəyanata qoşulmaq ayrıca qərardır. Biz xarici siyasətdə müstəqilliyimizi qoruyub saxlamağa və münasibətlərdə diplomatik balansın gözlənilməsinə üstünlük veririk. Həmçinin siyasi və hüquqi öhdəliklərin genişlənməsinin qarşısının alınması da bu yanaşmanın tərkib hissəsidir. Bu, heç bir halda hansısa dövlətin mövqeyini müdafiə etmək kimi başa düşülməməlidir. Bu, Azərbaycanın öz milli maraqlarına uyğun müstəqil mövqeyini qorumasının ifadəsidir”.
Şəbnəm Həsənovanın sözlərinə görə, Azərbaycan kollektiv siyasi öhdəliklər yarada biləcək sənədlərə qoşulmaq məsələsində ehtiyatlı davranır:
"Təbii ki, istənilən təşəbbüsə qoşulmaqla hər bir aktor öz üzərinə əlavə məsuliyyət götürmüş olur. Dialoq platforması mövcuddur və biz bu platformada iştirak etməkdə maraqlıyıq. Lakin həmin dialoq platforması vasitəsilə üzərimizə hər hansı əlavə öhdəliklərin qoyulmasını düzgün hesab etmirik. Bizim milli maraqlarımız digər ölkələrin kollektiv maraqlarından fərqlənə bilər və fərqlənir. Belə olan halda, Azərbaycanın bu sənədlərə qoşulmamasını Avropa ilə münasibətlərdə ciddi fikir ayrılığı və ya siyasi gərginlik kimi qiymətləndirmək də son dərəcə yanlış olardı”.
Aynur Babazadə











































