Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?
SİYASƏT
16:36 13.11.2026
44

 

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir.

Rusiyanın irəli sürdüyü iddia olunan tələblər isə beynəlxalq gündəmdə yeni müzakirələrə səbəb olub. Moskva Donbasın tamamilə Rusiyaya verilməsini, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsini, Finlandiyanın alyansı tərk etməsini və Baltikyanı ölkələrdə NATO hərbi bazalarının yerləşdirilməməsini istəyir.

Bəs Rusiyanın bu tələbləri irəli sürməkdə əsas məqsədi nədir? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Rusiya Ukraynaya qarşı müharibə başlamazdan əvvəl irəli sürdüyü təhlükəsizlik tələblərini indi yeni formada gündəmə gətirməyə çalışır:

"Rusiya əslində Ukraynaya qarşı müharibə başlamazdan əvvəl irəli sürdüyü təhlükəsizlik tələblərini indi yeni formada gündəmə gətirməyə çalışır. Düşünürəm ki, Rusiya indiki məqamda Trampın hakimiyyəti dövründə bu cür tələblər irəli sürməklə müəyyən qədər irəliləyiş əldə edə bilər.

Rusiya əvvəldən Kiyevdə hakimiyyəti dəyişdirməyə çalışırdı. Buna nail ola bilmədikdən və Ukraynadakı müharibə nəticəsində ərazilərini genişləndirə bilmədikdən sonra daha maksimalist təkliflər irəli sürməyə başlayıb".

Politoloqun sözlərinə görə, Rusiyanın məqsədi irəli sürdüyü bütün tələblərin qəbul olunması deyil, onların müəyyən hissəsinə nail olmaqdır:

"Məqsəd bu təkliflərin hamısının qəbul edilməsi deyil. Çünki onların hamısının qəbul olunması kifayət qədər çətindir. Məncə, Rusiya maksimal tələblər irəli sürməklə ən azı həmin tələblərin müəyyən hissəsinə nail olmağa çalışır. Eyni zamanda, bir çox tələbindən imtina etməsini öz güzəşti kimi təqdim etməyə cəhd göstərir".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR