Milli Məclisdə kostyum geyinməyən deputata pis baxırlar? (FOTO)

Milli Məclisdə kostyum geyinməyən deputata pis baxırlar? (FOTO)
Bütün Xəbərlər
12:44 18.12.2011
2749
Azərbaycanda rəsmi qurumlarda çalışan kişi dövlət qulluqçuları bir qayda olaraq standart çərçivədə geyinirlər: kostyum, köynək və qalstuk... Belə geyim tərzi Milli Məclisin deputatlarına da xasdır. Yəni parlamentdə qeyri-standart geyinən kişi millət vəkilləri demək olar yoxdur. Bütün kişi deputatlar həmişə iclaslara bir qayda olaraq kostyumda gəlir.Azərbaycandan fərqli olaraq xarici ölkələrin bəzilərində parlamentariləri iclaslar zamanı qeyri-standart geyimlərdə də müşahidə etmək olur. Telekanallarda nümayiş etdirilən videolentlərdən görmək olar ki, məsələn, qonşu Türkiyə və Rusiya parlamentində iclaslarda qalstuksuz, kostyum geyinməyən deputatlar da iştirak edir. Görəsən bizim Milli Məclisdə kişi deputatların geyimilə bağlı hansısa standartlar müəyyənləşdirilibmi, yoxsa qalstuk və kostyum geyinmək deputatların öz istəyidir?Məsələyə Azərbaycan parlamentinin üzvü Fazil Mustafa münasibət bildirib. Deputat bildirib ki, Milli Məclisdə qeyri-rəsmi geyimə görə hər hansı bir qadağa yoxdu. İstənilən tərzdə geyinmək olar. “Şəxsən mən qalstuk taxmağı sevməyən adamlardan biriyəm. Orta məktəbdə oxuyanda, ali məktəbdə təhsil alanda bir dəfə də qalstuk taxmamışam. Amma cəmiyyət qarşısına, televiziya, mətbuat önünə çıxanda görüntü xatirinə rəsmi formatlı geyimdə olmağa məcbursan. Parlamentin iclasında da həmçinin”. F.Mustafanın sözlərinə görə, indiyədək Milli Məclisdə qalstuk taxmayan, kostyum geyinməyən hansısa deputata irad bildirilməyib. “Türkiyədə rəsmi şəxslər bəzən cəmiyyət qarşısına, rəsmi tədbirlər qalstuksuz çıxırlar. Hətta Baş nazir bəzən qalstuk taxmır. Bizdə isə deputatlar hətta toya da qalstuklu gedirlər. Mən həmişə çalışıram ki, toya qalstuksuz gedim. Milli Məclisdən kənarda qalstuksuz gəzməyə çalışıram”. Qalstukdan xoşlanmayan F.Mustafa Milli Məclisə qalstuk taxıb gəlməyin tərəfdarıdır. “O baxımdan ki, Milli Məclis rəsmi yerdi. Bəzən görürsən ki, televiziyalar açıqlama alanda xahiş edirlər qalstuk taxaq. Avropa Şurası Parlament Assambleyasında elə deputatlar var ki, qalstuk taxmırlar, köynəyin üstundən kostyum geyinirlər. Bu bir az sərbəstliklə bağlıdı. Görünür bizdə kompleks var. Amma mən rəsmi geyimə sovet dövründən qalan bir atribut kimi baxmıram. Belə geyimə sadəcə kənardan kiminsə diqqətini cəlb etməmək üçün üstübnlük verirəm. Bax şəxsən mən Milli Məclisə ona görə qalstuk və kostyumda gəlirəm. Sərbəst geyimlə dərhal diqqət cəlb edirsən. Başqa geyim geyinəndə hamı baxır, maraqlanır ki, görəsən deputat niyə bu cür geyinib. Diqqət çəkməmək üçün qalstuk taxıb kostyum geyinirik”. Deputatın sözlərinə görə, qanunverici orqan olan Milli Məclis daha çox rəsmi müzakirələrin aparıldığı yer olduğundan rəsmi geyimdə olmağı adi qarşılamaq lazımdır. “Hesab edirəm ki, buna irad bildirmək doğru deyil. Milli Məclisə müğənni kimi geyinib gəlmək doğru olmaz. Amma insanların geyiminə qarışmaq, xüsusilə də jurnalistlərin geyiminə qarışmaq doğru deyil”. “Deputatlarımız geyimlərilə bir-birinə oxşayırlar. Bu da yaxşı hal deyil. Görünür ki, bizim siyasi sistemimizin xarakterindən irəli gəlir. Çünki bütün partiyalar bir-birinə oxşayırlar, bu da rəngarəngliyin olmamasıyla əlaqədardır”-deyə müsahibimiz əlavə edib.F.Mustafa deyir ki, Avropa və digər ölkələrin parlamentarilərindən fəqli olaraq azərbaycanlı deputatlar arasında saqqal saxlayan da yoxdur. Bu da milli mentalitetlə bağlıdı.

“Kimsə o formanı məqbul görə bilər, məsələn, əvvəllər saqqalı deputatlar olub. İndi yoxdur...”.

/// modern.az

OXŞAR XƏBƏRLƏR