“Kraudfandinq haqqında” qanun nədir? - AÇIQLAMA

“Kraudfandinq haqqında” qanun nədir? - AÇIQLAMA
SOSİAL
13:35 07.07.2026
383
Milli Məclisin bu gün keçirilən iclasında "Kraudfandinq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Bəs kraudfandinq nədir? 

İqtisadçı Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, kraudfandinq çox sayda insandan kiçik məbləğlərlə vəsait toplayaraq hər hansı bir layihənin maliyyələşdirilməsi üsuludur:

"Kraudfandinq (crowdfunding), çox sayda insandan kiçik məbləğlərlə vəsait toplayaraq hər hansı bir layihənin, biznes ideyasının, məhsulun və ya sosial təşəbbüsün maliyyələşdirilməsi üsuludur. Başqa sözlə, bir nəfərin və ya bir bankın böyük məbləğdə maliyyə ayırması əvəzinə, yüzlərlə və ya minlərlə insan kiçik məbləğlərlə həmin layihəyə dəstək verir. Məsələn, yeni bir sahibkar innovativ məhsul istehsal etmək istəyir, lakin bank krediti ala bilmir. O, kraudfandinq platformasında layihəsini təqdim edir və insanlar layihəyə inanırlarsa, hər biri 20, 50 və ya 100 manat kimi kiçik məbləğlər yatıraraq onun maliyyələşməsinə kömək edirlər”.

İqtisadçı qeyd edib ki, kraudfandinqin əsas üstünlüyü kiçik sahibkarlığın və yaradıcı layihələrin maliyyəyə çıxış imkanlarını genişləndirməkdir:

"Kraudfandinqin əsas üstünlüyü ondan ibarətdir ki, o, xüsusilə startapların, kiçik sahibkarlığın və yaradıcı layihələrin maliyyəyə çıxış imkanlarını genişləndirir. Eyni zamanda, vətəndaşlara da maraq göstərdikləri layihələrin inkişafında iştirak etmək imkanı yaradır. Əgər bu sahə qanunla tənzimlənərsə, investorların hüquqlarının qorunması, platformaların fəaliyyəti və maliyyə əməliyyatlarının şəffaflığı daha etibarlı şəkildə təmin edilə bilər. Bu isə həm sahibkarların, həm də vəsait yatıran şəxslərin risklərini azaldır. Qısa desək, kraudfandinq çox adamdan az-az vəsait toplayaraq böyük bir layihəni maliyyələşdirmək modelidir. Bu model son illərdə dünyada startapların və innovativ bizneslərin maliyyələşdirilməsində geniş istifadə olunur”.

O bildirib ki, pulu yatıran şəxsin qazancı kraudfandinq modelindən asılıdır:

"Pulu yatıran şəxsin qazancı kraudfandinq modelindən asılıdır. O, layihənin məhsulunu əvvəlcədən əldə edə, maliyyələşdirdiyi şirkətdə pay sahibi ola, verdiyi borca görə faiz qazana və ya heç bir maddi gəlir gözləmədən sosial məqsədlə dəstək göstərə bilər. Yəni kraudfandinq yalnız ianə toplamaq deyil, müxtəlif maliyyələşdirmə və investisiya modellərini özündə birləşdirən müasir maliyyə alətidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR