Milli Məclisdə Ramil Səfərovla bağlı beynəlxalq təşkilatlara və parlamentlərə Azərbaycan parlamentinin mövqeyini bildirmək üçün yeni komissiya yaradılıb. Bunu plenar sessiyanın ilk iclasında Milli Məclisin sədri Oqtay Əsədov bildirdi.
Komissiyanın sədri Valeh Ələsgərov, üzvləri Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov, Sədaqət Vəliyeva olublar.
"Son dövrlər Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı təzyiq göstərilməsi cəhdləri var. Bu cəhdləri qəbul olunan bəzi qərəzli sənədləri qabaqlamaq üçün belə komissiyanın yaradılması vacibdir", - deyə sədr Oqtay Əsədov qeyd edib.
Spiker deyib ki, o, Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin bu yaxında keçirilən iclasında Ramil Səfərovun azadlığa buraxılması məsələsinin beynəlxalq hüquqa tam uyğun olduğunu vurğulayıb: "Ermənipərəst qüvvələr bu məsələdən istifadə edərək Dağlıq Qarabağ problemini gündəmdən çıxarmaq, Azərbaycana hər hansı təzyiqlər göstərmək istəyirlər".