Ötən gün Milli Məclisin iclasında millət vəkili Zahid Oruc Milli Məclisin adının dəyişdirilməsi təklifi ilə çıxış edib. O bildirib ki, Azərbaycan parlamentinin adı Millət Məclisi olmalıdır:
“Bu simvolik addım atmaq düşüncəsindən irəli gəlir, Tükiyədə "Türkiyə Böyük Millət Məclisi"adlanır. Amma bu adekvat addım atmaq kimi başa düşülməməlidir”.
Bəs Milli Məclisin digər deputatları Milli Məclisin adının dəyişdirilməsi təklifini dəstəkləyirlərmi?
Məsələ ilə bağlı AZXEBER.COM portalına danışan Milli Məclisin deputatı Aqil Abbas belə bir şeyə ehtiyac olmadığını deyib:
“Əslində Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac yoxdur. Əgər deputat həmkarım bu təklifi irəli sürübsə, o zaman digər deputatlar da fərqli bir təklif irəli sürə bilərlər. Buna görə, ad dəyişikliyi lazım deyil. Qaldı ki, Tükiyədə TBMM yaranarkən də onun adı bu cür qoyulub. Bu gün TBMM-nin adının dəyişdirilməsi təklif olunsa, o zaman digər deputatlar da öz fikirləşdikləri adı təklif edə bilərlər. Bu zaman heç bir ortaq məxrəcə gəlmək mümkün olmaz. Ona görə də belə bir şeyə gərək yoxdur.”.
Deputat Asim Mollazadə isə, Milli Məclisin adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təklifə ümumiyyətlə şərh bildirmək istəməyib. O hansısa deputat həmkarının fikirlərinə münasibət bildirməyəcəyini deyib:
“Mən ümumiyyətlə bu cür mövzularla bağlı danışmaq istəmirəm”.
Millət vəkili Fazil Mustafa isə, Zahid Orucun bu təklifinin məqsədəuyğun olduğunu deyib. O Milli Məclisin adının “Millət Məclisi” olmasının tərəfdarı olduğunu bildirib:
“Ad dəyişmədən öncə Milli Məclisin mahiyyətində bir çox şeylərin dəyişilməsinə ehtiyac var. Ümumiyyətlə isə hesab edirəm ki, belə bir adın qoyulması məqsədəuyğundur. Mən bu təklifə müsbət baxıram”.
Əfsələddin Ağalarov