“Milli” şura hökuməti

“Milli” şura hökuməti
Bütün Xəbərlər
18:12 12.06.2013
1326

Zahid Oruc,millət vəkiliSiyasətə hər böhran situasiyasında vəziyyətdən çıxmaq üçün istənilən vasitəyə əl atmaq sənəti kimi yanaşmayın.

Onun da dəqiq prinsipləri, dəyişilməz qanunları var.Düzdür, “məqsəd vasitəyə haqq qazandırır” deyərək, bütün çirkinlikləri siyasi həyata daşımağa meyl həmişə olub və tarix belə səhnələrlə doludur.Taleyranın az qala müqəddəsləşən obrazı və liderlərin üzərində əldə etdiyi təsir sübut edir ki, hakimiyyəti əldə etmək sənəti təəssüf ki, hər hansı mənəvi kateqoriyaları tanımaq istəmir və nə qədər böyük ideallara bürünsə də alt qatındakı çirkin mahiyyəti gizlədə bilmir.Bir neçə gün öncə təmtəraqla siyasi səhnəyə çıxarılan Milli Şura haqda ən səthi nəzərlə görünənlər də dediklərimizə sübutdur.İqtidarın alternativi olmaq istəyənlərin söykəndiyi dəyərlər nədən ibarətdir və onlar nə qədər monolit bir qüvvədirlər ki, Azərbaycan insanı öz gələcək taleyini bu şuraya bağlasın?Uzun illər əks cinahın fəaliyyətini izləyənlərdə belə bir qənaət möhkəmlənib ki, müxalif cameə bir-birinin ardınca yeni birlik adları istehsal etməyə aludədir.Stabil birləşdirici mərkəz yoxdur və təşəbbüslərin uzağa getmək perspektivi olmadığından antihakimiyyət düşərgəsi ideyaların makulaturasına çevrilib.Demkonqresdən İctimai Palatayadək bəlağətlə təqdim olunan xilas formatlarının hamısı tarixin qəbiristanlığına gömülüb və adamlarda artıq “yeni ölümlərə” mənəvi bir hazırlıq formalaşıb.Bu, onların siyasi sabahını təhdid edir. Axı nə qədər mövsümi koalisiyalar qurub sonra onu eyni şövqlə dağıtmaq olar? Vətəndaş nəzərində belə psixoloji qavram var ki, dağılma müxalif həyatın ayrılmaz bir hissəsidir.Bəs vahid komanda quruculuğunun söykəndiyi əsas və ya fundament nədən ibarətdir? Sağ və solu dindar və məhəlləçilərə qatanda hansı rəngdən ibarət ittifaq yaranır?Narıncı rəngə bürünən siyasi keçmişiniz demokrat olmağın ən yaxşı libasını tapmışdı. İndi vitrinə çıxarılanların hansı əyarla müəyyənləşdirildiyi heç kəsə aydın deyil.Əgər Rəsulzadə-Elçibəy ideyalarıdırsa, onda cəbhə hakimiyyətinin iflasına çalışanları və rusofilləri həmin platformaya uyğun saymaq olarmı?Belə ziddiyyətlər seçici nəzərində bilirsinizmi necə təzahür edir? İnsanlar düşünür ki, tənqid etdiyi məmurların yerinə namizəd olanlar yolun yalnız bir hissəsini bərabər getməyə vədələşiblər.İqtidarı yıxıb yerinə keçməyə çalışanların qarşılarında vəzifə kresloları olsa, elə bir döyüşlər başlayacaq ki, millət ən pis keçmişinə belə şükürlər oxuyacaq.Ona görə də dünənədək didişdiniz liderləri sırf iqtidara qarşı olduqları və bu hakimiyyəti dəyişmək istədikləri üçün aranıza aldığınıza vətəndaşı inandıra bilməzsiniz.Elə isə sizin aranızdakı düşmənçilik dövlətə daşınarsa, nələr baş verəcəyindən də bəhs etməyiniz pis olmazdı. 90-cı illər AXC-nin iflas səbəblərindən biri də belə zidd baxışların vahid dövlət kursuna çevrilməsi idi.Yaxşı, bu sadəcə əməkdaşlıq və koordinasiya məkanıdırsa, onda cəmiyyəti təşkil edən böyük ziyalılar və gənclər ordusu sizlərdən niyə kənar düşüb?Hətta lenincəsinə bütün narazı elektoratı çevrənizdə səfərbər edə bilməmisiniz. Vladimir Ulyanovun oxşarımı yoxdu içərinizdə?Ölkədə sosial, iqtisadi və mənəvi səbəblər üzündən mövcud hakimiyyətin siyasəti əleyhinə olanlar nə dərəcədə sizin yanınızdadırlar?Niyə o çoxminlik izdiham meydanlarda və ya qərargahlarınız qarşısında görünmür?Nəhayət, “vahid namizəd” dilemmasının bu qurumun sabahını müəyyən edən bir nömrəli məsələ olmadığını da diqqətlərə almaq gərəkdir.İş ondadır ki, əgər belə axtarışlar varsa, bu avtomatik onun etirafıdır ki, bir şəxsi irəli vermədən iqtidara güc göstərməyin çətinliyini qəbul edirsiz.Elə isə bu o anlama gəlir ki, ayrılıqda yolu gedərkən səslərin parçalanmasından deyil, zəiflikdən narahatçılıq keçirilir.Güclülər niyə birləşsin ki?Lakin fərz edin ki, Rüstəm İbrahimbəyovu, yaxud “Milyarderlər İttifaqı”nın süfrəsi qırağında dayanan birisini hamılıqla qəbul etdiniz, bu yerli təmsilçiləriniz və köklü cəbhəçi-müsavatçıların üzərində hansı təsirə malik qərardı ki?Dəfələrlə görmüşük ki, bölgə insanları paytaxtdan gələn belə razılaşmalar qarşısında hər hansı öhdəliyə malik olmadıqlarını deyir, kiminsə qələbəsi naminə özünün dəyənəyin altında əzilməyəcəyini bəyan edirlər.Sanki illərlə zəhmət çəkənlərin payını başqaları götürmüş kimi bir vəziyyət meydana çıxır.Klassik müxalifətçilər və stajlı demokratlar əyalətlərdə sizlərə həqarət edəcəklər ki, özlərinə əsatir yaradan başqanlar, sədrlər 20 ildir bu hakimiyyətin yanında olan qeyr-siyasət adamının kölgəsinə sığınmaqla nə qədər böyük görünürlər?Belə təşkilat rəhbəri olmağın anlamı nədir? Əgər kinorejissorluq siyasi sənətdən belə üstündürsə, onda partiya modeli ilə yaşamağın heç bir anlamı yoxdur.Film çəkmək hakimiyyətə gedən ən yaxşı yoldur. Stiven Spilberqin dünyaca şöhrəti və qazandığı ödüllər onu daha yaxşı namizədə çevirir. Məntiqinizi davam etdirəndə alınan nəticə bax budur!Başqa tərəfdən, fərz edin ki, namizədiniz Rüstəm İbrahimbəyov “prezident seçilib”. Şərti gələcəkdə və nəzəri hesablamalarda belə ehtimal etdiyiniz bu ssenari insanlarda yumor hissi doğurur və hətta virtual məkanı belə öz reallığına inandıra bilmir.Razılaşın ki, savaş aparanların psixoloji durumu və qalibiyyətlərinə əminliyi ən başlıca şərtdir.Xarici iradə və beynəlxalq maraqların təmsilçisi olmaqdan heç bəhs etmirik. Hesab edin ki, bu düşərgələrarası ittihamın ənənəvi şüarıdır.Lakin Azərbaycana dair hansı baxışlar- proqramlar sizlərə xalqın sabahında rol oynamağa hüquq və səlahiyyət verəcəkdir?Qərbin nəzərində qeyri-stabillik mənbəyi kimi görünən və hədsiz qarışıq alyanslara heç bir siyasi-maddi investisiya qoyulmaz.İnsanlar da belə layihələrə para xərcləməzlər.Ona görə yoldaş dünyəvi azadlıqsevərlər, cənab liberal dindarlar, yaxud nərimanovçu milli- kosmopolit intelegensiyamız, qurmaq istədiyiniz şura hökuməti heç fransız utopik sosialistlərin belə arzularına sığışmır.Bu ölkənin ən böyük problemi təkcə ərazi itkisi deyil, həm də demokratlığın bolşevizmlə birgə eyni beyinlərdə özünə sığınacaq tapmasıdır!

OXŞAR XƏBƏRLƏR