"Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər təkcə konkret bir hadisəyə verilən siyasi reaksiya deyil, həm də dövlətin təhlükəsizlik doktrinasının mahiyyətini ortaya qoyan ciddi strateji mesajdır”.
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu çıxışın məğzi bir neçə mühüm istiqamətdə təhlil olunmalıdır:
"Bu çıxışın məğzi ilk növbədə dövlətin suveren iradəsi, diplomatik məsuliyyət, regional davranış qaydaları və milli təhlükəsizliyin təminatı kontekstində təhlil edilməlidir. Dövlətin humanizmi və qarşı tərəfin siyasi məsuliyyətsizliyi Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri Azərbaycan dövlətinin humanist və məsuliyyətli davranış modelidir. Hadisələrin gərgin olduğu bir dövrdə İran tərəfinin müraciəti əsasında Livanda qalan diplomatik əməkdaşların təxliyəsi üçün Azərbaycanın dərhal kömək göstərməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezidentin "dar gündə kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” ifadəsi də məhz Azərbaycan dövlətinin hansı yüksək dəyərlərə malik olduğunu nümayiş etdirir. Lakin bu humanitar jestin fonunda Naxçıvana yönəlmiş zərbə faktı dövlət başçısı tərəfindən "çirkincə, namərdcə və nakişi davranış” kimi qiymətləndirildi. Bu ifadələr təkcə emosional reaksiyanı deyil, həm də beynəlxalq münasibətlərdə etimadın pozulmasının siyasi nəticələrini əks etdirir”.
Politoloq qeyd edib ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad vacibdir:
"Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad və elementar diplomatik etikaya riayət olunması vacib prinsiplərdən biridir. Bu prinsipin pozulması isə regionda yeni təhlükəsizlik riskləri yaradır. Prezident çıxışında aydın şəkildə vurğuladı ki, Azərbaycan ilk növbədə diplomatik vasitələrdən istifadə etməklə hadisəyə reaksiya verəcək. İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim olunması bu istiqamətdə atılan ilk addımlardır. Diplomatiyanın prioritet seçilməsi Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin normalarına sadiqliyinin göstəricisidir. Bununla yanaşı, Prezidentin mesajı olduqca açıqdır və diplomatik addımlar hərbi hazırlıqla paralel həyata keçirilir”.
Parlamentari vurğulayıb ki, Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri "Dəmir yumruq” ifadəsidir:
"Azərbaycanın Silahlı Qüvvələrinin, o cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və xüsusi təyinatlı bölmələrin bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi dövlətin təhlükəsizlik mexanizmlərinin operativ reaksiyasını göstərir. Bu, həm də regiondakı bütün aktorlar üçün açıq xəbərdarlıqdır ki, Azərbaycan suverenliyinə qarşı istənilən təhdidə adekvat və qəti cavab vermək imkanına malikdir. Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri "Dəmir yumruq” ifadəsidir. Bu termin artıq Azərbaycan dövlətinin hərbi-siyasi konsepsiyasının rəmzinə çevrilib və ilk növbədə İkinci Qarabağ müharibəsi zamanı formalaşmış strateji iradəni ifadə edir. "Dəmir yumruq” anlayışı yalnız hərbi gücü deyil, dövlətin siyasi iradəsini, milli birliyini və strateji qərar qəbul etmə qabiliyyətini simvolizə edir. Prezidentin "bizim gücümüzü sınamasınlar” mesajı da məhz bu konsepsiyanın davamı kimi səslənir. Bu mesajın əsas məzmunu sadədir, Azərbaycan müharibə istəmir, lakin suverenliyinə qarşı yönələn istənilən təhdidə qarşı qətiyyətli və sərt cavab verməyə hazırdır”.
Deputat qeyd edib ki, dövlət suverenliyi və milli təhlükəsizlik məsələsində kompromis yoxdur:
"Təhlükəsizlik Şurasının iclasında səslənən fikirlər Azərbaycan dövlətinin son illərdə formalaşdırdığı milli təhlükəsizlik strategiyasının davamlı xarakter daşıdığını göstərir. Bu strategiya üç əsas sütuna - diplomatik aktivlik və beynəlxalq hüquqa əsaslanmaya, güclü və modernləşdirilmiş orduya, milli həmrəylik və siyasi iradəyə əsaslanır. Bu elementlərin vəhdəti Azərbaycanın regional təhlükəsizlik sistemində mühüm aktor kimi mövqeyini möhkəmləndirir. Prezident çıxışının sonunda Azərbaycan xalqına müraciət edərək əminlik ifadə etdi ki, ölkəyə qarşı yönələn hər hansı bəd niyyətli qüvvə mütləq şəkildə dövlətin qətiyyətli cavabı ilə qarşılaşacaq. Bu mesaj həm daxili auditoriyaya, həm də xarici aktorlara ünvanlanmış siyasi siqnaldır. Daxili müstəvidə bu, cəmiyyətin təhlükəsizlik məsələlərində dövlət ətrafında konsolidasiyasını gücləndirir. Xarici müstəvidə isə Azərbaycan dövlətinin qərar qəbul etməkdə tərəddüd etməyən güclü, qətiyyətli dövlət olduğunu göstərir.
Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasında səsləndirdiyi fikirlər Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsipini bir daha təsdiq edir. Humanizm və diplomatiya ölkəmiz üçün prioritetdir, lakin dövlət suverenliyi və milli təhlükəsizlik məsələsində kompromis yoxdur”.
Şahanə Ziyad








































