Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşləri davam edir.
Bu gün isə, festivalın idarə heyəti Mingəçevir gəncləri ilə görüş keçirib. Festivalın idarə heyətindən AZXEBER.COM portalına verilən məlumata görə, görüşdə, festivalla bağlı məlumatlar gənclərə çatdırılıb: “Biz artıq iki gündürki Mingəçevir gəncləri ilə görüşlər keçiririk.Rayon ictimaiyyətinin bu festivala göstərdiyi marağı həqiqətən yüksək qiymətləndirmək olar. Artıq buradakı mədəniyyət evləri ilə görüşlərimiz başa çatıb və biz Lənkəran rayonuna yola düşürük”.
Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.
Əfsələddin Ağalarov