Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib.
Sosial Xidmətlər Agentliyindən (SXA) AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, körpənin gələcəyi ilə bağlı müvafiq addımlar atılacaq.
Qeyd edilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsisteminə məlumat daxil olan kimi Agentliyin əməkdaşları prosesə cəlb olunublar.
"Əməkdaşlarımız tərəfindən sözügedən uşağın yerləşdirildiyi səhiyyə müəssisəsinə baş çəkilib və körpənin ilkin qiymətləndirilməsi aparılıb. Müayinə, müalicə və qiymətləndirmə prosedurları bitdikdən sonra körpənin yaşına və sağlamlıq vəziyyətinə uyğun olaraq müvafiq addımlar atılacaq", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində atılmış körpə oğlan uşağı tapılıb.