Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? - Video
SOSİAL
23:15 30.09.2026
114
20 Yanvar və Moskva prospekti ərazilərində "manatlıq taksi" kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində, xüsusilə Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar ciddi nəqliyyat problemi ilə üzləşiblər.

AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, vətəndaşlar bildiriblər ki, pik saatlarda avtobusların sayı və hərəkət intervalı da tələbatı qarşılamır. Nəticədə insanlar işə və evə getmək üçün saatlarla yolda qalırlar.

"20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Avtobuslara da minmək olmur. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur".

Mütəxəssislər bildirirlər ki, sözügedən istiqamətdə digər nəqliyyat növlərinin sərnişindaşımaya daha çox cəlb edilməsi zəruridir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasına daxil olan ən böyük yaşayış məntəqələrindəndir və bu ərazilərdə sərnişindaşımada yalnız avtobuslara güvənmək doğru deyil.

"Dəmiryolu nəqliyyatının daha intensiv fəaliyyəti təmin edilməlidir. Bu istiqamətdə dövlət proqramında müvafiq qərarlar var. Onların icrası daha da sürətləndirilməlidir.

Birinci mərhələdə mövcud hərəkət tərkibi ilə daha intensiv hərəkət təmin edilməlidir. İkinci mərhələdə isə hərəkətin intensivliyini artırmaq üçün yeni qatarların alınması və vağzal ətrafında multimodal qovşaqların yaradılması nəzərdə tutulmalıdır. Sərnişinlərin vağzala rahat gəlməsi, dəmir yoluna keçidi, əks istiqamətdə isə dəmir yolundan avtobuslara maneəsiz keçidi təmin olunmalıdır.

Düşünürəm ki, bu məsələyə diqqətimizi artırsaq, Bakı, Sumqayıt və Xırdalan arasında ən qısa marşrutla, yerüstü metro funksiyasını daşıya biləcək dəmir yolu vasitəsilə sərnişindaşıma problemini həll edə bilərik".

Bəs alternativ nəqliyyat imkanları tam formalaşmadan "manatlıq taksi"lərin fəaliyyətinin dayandırılmasının səbəbi nədir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşıma ilə məşğul olmaq üçün mütləq buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

"İcazələr AYNA tərəfindən yeddi il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur. Daşıyıcılar sifarişli daşımaları həyata keçirərkən elektron sistemdən istifadə etməklə formaları doldurmalıdırlar. İcazə olmadan sərnişindaşıma fəaliyyəti göstərmək isə inzibati məsuliyyət yaradır".

OXŞAR XƏBƏRLƏR