Mir Şahin və dostları yürüşə başlayır

Mir Şahin və dostları yürüşə başlayır
Bütün Xəbərlər
16:13 10.08.2012
1707
Sabah Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü ilə əlaqədar 8 nəfərlik qrup Böyük Qafqazın Tufandağ silsiləsində onun adını daşıyan zirvəyə yürüş təşkil edəcək. ANS-in məlumatına görə, qrupa ANS TV-nin 5 əməkdaşı və 3 alpinist daxildir. Qrupda ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev, ANS-in böyük operatoru Azər Qarayev, ANS TV-də yayımlanan “Marş” proqramının müəllifi Rahib Qərib, “Marş” proqramının prodüseri Anar Həsənov, “Ağıl dəryası” verilişinin prodüsseri Elçin Bayramov və alpinistlər Yaqub Əsədov, Aleksey Savrentuk və Aleksandr Nəcəfov olacaq. Mir Şahin Ağayevin sözlərinə görə, qrup hündürlüyü 4062 metr olan Çingiz Mustafayev zirvəsinə sabah yola düşəcək: “İnşallah sabah səhər tezdən Bakıdan çıxacağıq. Yəqin ki, günün axırına qədər birinci təyinat məntəqəmizdə olacağıq. İnşallah biri gün yol başlayacaq Çingiz zirvəsinə və ordan da həmin gün qayıdacağıq. Hesab edirik ki, 2 gün bəs edər ki, məqsədimizə çataq”. Həmin zirvəyə gedən yolda hər şey təbiətin “iradə”sindən asılıdır. M.Ağayevin sözlərinə görə, hər şey təbiətin insana verəcəyi fürsətdən asılı olacaq: “Mən alpinizmi Azərbaycan dilinə dırmanclıq kimi tərcümə etmişəm. Dırmancların sözü var ki, “Dağ adamı buraxır, dağ adamı buraxmır”. Dağ adamı buraxırsa, işimiz tezləşəcək, biz mənzilbaşına tez çatacağıq. Allah göstərməsin dağ adamı buraxmırsa, duman, çiskin varsa, bu çətin olacaq. Biz bu işi başlamışıq, qardaşımız, dostumuz, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına zirvəyə qalxmağa hazırlaşırıq. Ümid edirəm ki, Allah bu dəfə də bizi Çingizin yanında başıaşağı etməyəcək”. Bu zirvəyə qalxmaq həm şərəfli, həm də çox məsuliyyətli bir işdir. Mir Şahin Ağayevin sözlərinə görə, burada insanın bəzi vərdişləri əsasdır: “Bu Azərbaycanın ən hündür zirvələrindən biridir. Ora qalxmaq doğrudan da çox çətindir. Zirvəyə qalxmaq bəzi vərdişlər tələb edir. Bu vərdişlərdən biri də sudan və digər faydalı qida məhsullarından necə istifadə etməklə bağlıdır. Çingiz Mustafayev zirvəsinə qalxmaq çox çətindir deyirik. Lakin unutmaq lazım deyil ki, canını bizlər üçün vermiş şəxsin hərəkətləri yanında bu elə də böyük iş deyil”.
OXŞAR XƏBƏRLƏR