ANS-in vitse-prezidenti Mirşahin Ağayev “Açıq söhbət” verilişində yaranan qalmaqala dair verilişin keçmiş aparıcısı Turan İbrahimovun mediada səsləndirdiyi ittihamlarla bağlı 24saat.az-a açıqlama verib.Açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq. - Turan İbrahimov mənim istedadlı tələbələrimdən biridir və mən hər bir tələbəmin etdiyi səhvə görə məsuliyyət daşıyıram. Turan İbrahimov həmin verilişdə dəqiqlik və qərəzsizlik prinsipləri ilə üst-üstə düşməyən hərəkətlərə yol verib. Orada o, öz gəncliyindən, təcrübəsizliyindən irəli gələn emosionallığa yol verib və bəzi məqamlarda tərəflərdən biri kimi çıxış edib. Bunun nəticəsində də həmin verilişin çəkilişi zamanı bir sıra problemlər yaranıb. O problemlərdən birincisi yarananda mən rejissor otağından məsələlərə müdaxilə etmişəm, mikrafonu götürüb zala demişəm k, sakitləşin və qonaqlardan da, xüsusilə Pənah Hüseynovun düşərgəsindən xahiş etmişəm ki, verilişi pozmasınlar və çıxıb getməsinlər. Bunlar da mənə qulaq asıblar, eləcə də Turan mənə qulaq asıb və verilişin davamını çəkiblər. Amma az sonra Fazil Mustafa ilə Pənah Hüseyn arasında növbəti dramatik vəziyyət yarananda bu dəfə Turanın müdaxiləsi artıq tərəflərdən birinin Turana kəskin etirazına səbəb olub. Nəticə etibarı ilə də Pənah Hüseyn və onun auditoriyası aparıcıya etiraz əlaməti olaraq zalı tərk etməyə çalışıblar. Hətta mənim müdaxilələrim öz effektini verməyib və bu adamlar zaldan çıxıblar. Verilişin çəkilişi baş tutmayıb. Bundan sonra mən verilişin davamını çəkməktən ötrü aşağı düşmüşəm, Pənah Hüseyndən, onunla gələn adamlardan xahiş etmişəm ki, madam bu verilişə gəliblər və verilişin mövzusunda iştirak etməyə razılıq veriblər qalsınlar və verilişin çəkilişini başa çatdırmağa imkan yaratsınlar. Digər tərəf, yəni konkret halda Pənah Hüseyn verilişin bu şəkildə aparılacağına etiraz əlaməti olaraq sonadək qalmayacaqlarında israrlı olduğunu bildirib və verilişdən yarımçıq gedib və öz adamları da onunla bərabər çıxıb gediblər. Beləliklə veriliş baş tutmayıb.Sonradan Turan mənə deyəndə ki, verilişi elə bu şəkildə də efirə verək, bu həm də bizim verilişimizin fəlsəfəsinə uyğun olardı, yəni debat, dramaturgiya, mübahisələr və son nəticə etibarilə reytinq - mən razı olmamışam və hətta demişəm ki, Turan, əgər bu debatda toqquşma tərəflər arasında yaransaydı və tərəflərdən biri o birisinə etiraz əlaməti olaraq studiyanı tərk etsəydi və biz də bu verilişi bu şəkildə efirə versəydik bunu müəyyən mənada tamaşaçılara izah etmək olardı. Amma tərəf aparıcıya etiraz əlaməti olaraq studiyanı tərk edirsə bu artıq ümumi televiziya prinsiplərinə ziddir. Mən Turanla söhbət etmişəm ona demişəm ki, veriliş bu şəkildə efirə getməyəcək və hamıyla sağollaşıb demişəm ki, veriliş baş tutmadı. Məsələ bundan ibarətdir. Yəni Turanın efirdən, proqramdan kənarlaşması məsələsi belə həll olunub.Axşam biz qərara gəldik ki, debatı təzədən başlıyaq və ertəsi gün çəkiliş təyin etdik.Təbii ki, Turan haqlı olaraq qeyd edib ki, bu veriişin standartı debat formada idi, həm də bunun alternativləri də var. Əvəllər biraz fərqli formada idi. Bu baxımdan onun bu verilişdə nə mənəvi, nə də hüquqi baxımdan heç bir haqqı olmadığını düz deyir. Bu müəllif verilişi deyildi. Sadəcə olaraq biz bu verilişin adını “Açıq söhbət Turan İbrahimovla” ona görə qoymuşduq ki, verilişin aparıcısı olaraq Turan İbrahimov aparacaqdı. Fikir vermisinizsə bizim başqa verilişlərimizdə də müəlliflrin adları var. Məsələn, “Uşaqdan böyüyə İrəmlə”, “Bazar səhəri Rövşanə ilə”. Bu baxımdan da Turanın bu verilişə müəlliflik haqqı yox idi. Bu verilişin bir vaxtlar ANS-də belə bir forması oldu “Cəm” verilişi. “Cəm” verilişini də Rasim Müzəffərli aparıb. Bundan sonra bir müddət bu veriliş efirdə olmayıb və biz yeni mövsümdə bu layihəni bərpa etmək qərarına gəldik.Turanın ANS rəhbərliyi haqında dediyi fikirləri mən qətiyyən qəbul etmirəm. Bu sadəcə olaraq jurnalistin professionallıq baxımından üst-üstə düşməyən hərəkəti nəticəsində yaranan situasiyadı. Məncə Turan bunu hər kəsdən daha yaxşı bilir və yəqin ki, hər jurnalistin özündə müəyyən mənada nədənsə narazı olmaq cəhdləri var. Ola bilər ki, heş kəs öz nöqsanını özünə etiraf etməyi bacarmır. Olur belə şey insanlarda, xüsusilə Turan gəncdi, emosionaldı. Mən şəxsən onun yerinə olsam oturub fikirləşərdim ki, bu necə alındı, necə oldu ki, aparıcı verilişin gedişində müzakirələrdə birdən-birə tərəf olaraq iştirak etməyə başladı. Yəni, mən də jurnalistəm, mənim də təcrübəm var, mən də müəyyən mənada tok-şoular, debat aparmışam, mən də bəzən efirdən adam çıxarmışam. “Yeni Tarix” çəkilirdi bir vaxtlar. Azərbaycan Komunist Partiyasının rəhbəri Səyyad Məmmədov Leyla Yunusun mənim verilişimdəki çıxışına münasibət bildirdi və dedi ki, burada rus dilində danışmayın. Ona bir dəfə xəbərdarlıq etdim, ikinci dəfə xəbərdarlıq etdim, amma üçüncü dəfə mikrafonsuz Leyla xanıma qışqıranda ki, rus dilində danışmayın, mən onda ona dedim ki, verilişin aparıcısı mənəm və Leyla xanım hansı dildə istəyir o dildə danışır, bu haqqı ona ANS-in konsepsiyası və aparıcı olaraq mən verirəm. Təhlükəsizlik xidmətindən xahiş etdim ki, Səyyad Məmmədovu studiyadan kənarladırsınlar. Bir var ki, aparıcı vəziyyəti qorumaqdan ötrü qonağı studiyadan kənarlaşdırır, bir də var ki...Mən indi hər şeyi danışmaq niyyətində deyiləm. Hər halda arzu olunmaz bir hadisə baş verib və arzu olunmaz situasiyanın yaranmasında çox təəssüf edirəm ki, çox hörmət etdiyim tələbəm Turan İbrahimov katalizator rolunda çıxış edib. Sevinc Osmanqızının bu layihəni aparmasına gəlincə “Açıq söhbət” verilişi mənim rəhbərlik etdiyim departamentin birbaşa məhsulu olduğu üçün bu layihənin aparıcılarını da təyin etmək mənim səlahiyyətlərim çərçivəsində idi. Turan İbrahimovun yerinə Sevinc Osmanqızının aparıcı olmasını məsləhət bildim. Sevinc Osmanqızı da keçən dəfə bir cəhd göstərdi. Sadəcə olaraq bilirsiz ki, veriliş ertəsi gün çəkildi və efirə də həmin gün getməli idi, ona görə də bu verilişin montajını biz çatdırmadıq. Montaj olunduğuna görə efirə getmədi. Həftənin 5-ci günü efirə getməli olan veriliş efirə getmədi. Biz artıq digər mövzular qoymuşuq və bu mövzulardan birini biz bu gün çəkirik. Azərbaycanda təhsil və təhsilin problemləri ilə bağlı verilişdi və bu verilişin də efirə inşallah 5-ci gün getməsini nəzərdə tutmuşuq. Yəni Sevinc Osmanqızının da verilişi ona görə efirə getmədi ki, biz onun montajını vaxtında çastdırmadıq. Burda başqa səbəblər axtarmaq lazım deyil. Mən ümumiyyətlə bu mövzuda danışmağın tərəfdarı deyiləm. Yenə deyirəm, bir var ki, mənim tərəf müqabilim tamam başqa bir adam olsun. Bir də var ki, ANS-in ünvanına belə sərt ittihamlarla çıxış edən Turan İbrahimov kifayət qədər gəncdi, onun gələcəyi var və belə bəyanatlarda mən ona ehtiyatlı olmağı məsələhət görərdim. Çünki özü demişkən heç nə ANS-lə başlamıyıb və ANS-lə bitməyib. Başa düşürəm əsəbidi, hövsələsizdi, amma mən şəxsən Turanın yerinə olsaydım nə ANS-dən, nə ANS-in rəhbərliyindən, nə Mirşahindən, nədə bir başqasından küsərdim. İlk növbədə küskünlüyün, incikliyin ünvanını biraz özümdə axtaradım. Onu da deyim ki, biz o verilişin Turanla olan versiyasını efirə buraxmamaq qərarına gələndən sonra həmin verilişdə Turanın aparıcı olmasını artıq məqsədə uyğun hesab etmədik. Bu şirkətdir və bu şirkətdə hər bir aparıcıya, müxbirə səlahiyyəti də, tapşırığı da verən rəhbərlik var və hazırkı məqamda rəhbərlik funksiyasını mən yerinə yetirmişəm bu da mənim qərarım olub. Ümumiyyətlə, Turan həmişə, bizdə çalışdığı dövrdə mənim qərarıma hörmət edib. Hesab edirəm ki, Turan bu dəfə də mənim qərarıma hörmətlə yanaşmalı idi, hər halda mən başqa şey gözləyirdim, yəni gözləyirdim ki, qərarım hörmətlə qarşılanacaq. Turan hələki sakitləşə bilmir, əsəblərini cilovlaya bilmir. Mən ondan müəllim olaraq xahiş etmək istərdim ki, dayansın, sakitləşsin, biraz oturub götür-qoy etsin və verdiyi müsahibələrə fiki versin. Ümumiyyətlə, mən hesab edirəm ki, indi bu saat müsahibə vermək yaxşı məşğuliyyət deyil. Turan əvəllər “Günəbaxan” verilişinin aparıcısı idi. Çox maraqlı layihə idi və çoxlu maraqlı problemlər işıqlandırırdıq. Amma Turan özü də etiraf edər ki, bir sıra problemlər məhz onun aparıcı olduğu üçün yaranırdı. Biz onu şirkətin rəhbərliyi səviyyəsində mümkün qədər müdafiə edirdik. Nəticə etibarı ilə Turan “Günəbaxan” verilişində aparıcılığı deputatlığa namizədliyini verənədək davam etdirdi. Ondan sonra da hörmət-izzətlə ayrıldıq. Bu dəfə baş vermiş səhv Turanın yol verdiyi səhvdi. Səhv var və bu səhvi etiraf etmək lazımdır ki, bu səhvlər gələcəkdə baş verməsin. Yox əgər bu səhvi səhv olaraq etiraf etməyəcəksənsə, deməli, gələcəkdə eyni səhvləri buraxmaqdan ötrü şans saxlayırsan. Siyasi əqidə məsələsinə gəlincə ANS-in əqidəsi dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə söykənən dövlətçilik və dövlət, Azərbaycançılıq və Azərbaycandan ibarətdir. Bunu hər kəs kimi Turan da yaxşı bilir.Ümumiyyətlə, iqtidaryönlü, müxalifətyönlü aparıcı olmur. Aparıcı aparıcı olur və iqtidaryönlü, müxalifətyönlü suallar verə bilir. Əgər aparıcı özünü iqtidar yönlü hesab edirsə bu bayaq dediyim o problemlərdən, yəni jurnalistikanın prinsiplərini bir balaca pozmaqdan xəbər verir. Mən yeri gələndə iqtidaryönlü suallar verirəm, yeri gələndə müxalifətyönlü. Mən bilmirəm indi Turan bəlkə də iqtidaryönlü jurnalist adlandırılmağı müsbət, müxalifətyönlü jurnalist adlandırılmağı özünə qüsur sayır. Amma, ümumiyyətlə, iqtidar, müxalifət yönlü jurnalist olmur, müxalifətyönlü, iqtidaryönlü suallar olur. Turan da çox gözəl bilirdi ki, həmin verilişdə müxalifətə iqtidaryönlü suallar verilməli idi, iqtidar düşərgəsinə isə müxalifətyönlü suallar verilməli idi. Verilişin fələsəfəsi budur. Üstəlik də həmin verilişdə, ümumiyyətlə iqtidardan söhbət getmirdi. Tərəflərdən biri nisbətən sərt müxalifət, digər tərəf isə nisbətən liberal müxalifət idi. Ora iqtidar nümayəndələrini dəvət etməmişdik. Bu verilişin müzakirəsini biz başqa bir vaxt, yəni ki, Turanla oturub danışa da bilərdik, ordakı səhvləri də götür-qoy edə bilərdik. Amma belə hesab edirəm ki, bu məsələlər barədə son zamanlar, xüsusilə də bu günlərdə Turanın verdiyi müsahibələr hamısı artıq şeylərdi və bunları etməyə ehtiyac yox idi. Yaxşı olardı ki, müsahibələrlə yox, bir zaman yazdığı köşə yazıları ilə yaddaşda qalsın.
/// 24saat.az