‘Mirşahini asmaq lazımdır…’

‘Mirşahini asmaq lazımdır…’
Bütün Xəbərlər
15:51 21.06.2014
3666

Elşən Musayev Içki, içki, içki...Yenə eyni adlı mövzu. Yazmamaq olmur. Ya da yazıb dayanmaq olmur. Hətta güman ki, artıq bu mövzu kimlərisə özündən iyrətməyi və diksindirməyi belə bacarıb. Üstəgəl, yetərincə. Ya da bəlkə elə bu səbəbdəndir ki, son günlər bütün media Aqşin “hava”sına girib, Aqşin kimi düşünüb, Aqşin olmağa çalışır. Mirşahin olmağa deyil. Hamı canı ilə əlləşən birinin Allahsızlıq sevdasına, Mirşahin təqibinə daha çox aludə olub, daha çox qapılıb. Nəinki, acı reallığın göz deşən, ürək silkələyən mənzərəsinə... Ayrıca, mövzu dindar və ateist spekulyatorlar, eyni zamanda hərşeyşünaslar üçün o qədər geniş bir “alan“ açıb ki, professorluq, ilahiyyatşünaslıq eşqinə düşənlərin, özünə dəxilsiz-dəxilsiz cəhd gələnlərin də sayını   yetərincə artırıb. Və ya biri Mirşahinin özünə vurğunluğunu, digəri Aqşinin bu dar məngənədə də Allahdan vaz keçmə prinsipiallığını, bir başqası isə gənc şairin ailə tablosunu ön plana çıxarmaqla xal qazanmağa çalışır. Hətta sanki bunda maraqlıdır...     Əslində belə də olmalı idi. Bəs necə? Hər şeydə bir məntiq var. Aqşini içkiyə Mirşahin öyrədib axı. Onun ailəsini dağıdan, istedadlı şairi hər gün 750 - lik butulka ilə baş-başa qoyan, ən sonunda isə övladından belə imtina edəcək həddə qədər - böyük bir boşluğa, uçuruma yuvarladan, onu 36 yaşında ikən serroz diaqnozu ilə sistem altında yatmağa məhkum edən, Almaniyada doğulan övladının 1 yoxsa 2 aylıq olduğunu belə dəqiq bilməməyə, Allahı inkar edərkən, həmin Allahdan bənd-bənd şey deməyə məcbur edən insandan danışıram mən...Mirşahindir o !!! Sadəcə Mirşahin!  Asın Mirşahini. Kəsin Mirşahini. Bütün günahların səbəbkarı odur! Hətta Aqşinin faciəli həyatına baxdığınız kimi, Mirşahinin aldığı müsahibəyə də bəsirət gözlərinizlə deyil, 96 faizlik spirtin içinə girib - ordan baxın. Hallı-hallı baxın. Dəmli-dəmli   baxın!    *** Zatən Aqşini də bədbəxt edən bu məntiqdir. İxtiyari bir alkoqolikə məxsus – şablon məntiq! Miskin məntiq! O məntiq ki, öz ucbatından düşdüyü bataqlıq haqqda heç düşünməz, fəqət əlindən tutub qaldıranları da qaldırmayanların gözünə çox rahat bir şəkildə qatıb ittiham edər, hətta onları hansısa məqamda fərdi düşüncəsinə görə(öz aləmində) ifşa edər, bəzənsə...İzel adlı dünya gözəlindən, ay parçası övladından belə səbəbsiz-filansız imtina edər... Hə, bir də onlar heç anlamaz ki...gecə saat 2-də, qapı arxasında bir alkoqolik gözləməyin qadın üçün məziyyəti, övlad üçün sarsıntısı nədir. Anlamazlar bunu. Heç anlamazlar. 

Anlamazlar ki, ağzı asiton iyi verən kişinin bir öpüşü, hər kəlməsində ehtimal olunan söyüşü, 8 yazan duruşu ailə üçün nə deməkdir! – Əsla anlamazlar!

Anlamazlar ki, bir alkoqoliklə eyni evi bölüşən insanlar - yatdıqları qonşu otağın cəftəsini belə sanki oğrudan qorunurmuş kimi bağlarlar, bütün sabahları səksəkə içində açarlar. Birdən gələr, hücum edər, vurar, kəsər, öldürər deyə...  Anlamazlar ki, alkaqolikin ağlı da, məntiqi də, istedadı da bəzən bircə butulkanın ümidinə qalar, yarımca litrin güdazına gedər, 50-50, 100-100, bakal-bakal süzülüb, bitər, itər, tükənər...

Və nəhayət, heç anlamazlar ki...bu həyatda çətin olan şey axtardığını tapmaq deyil, tapdığını axtarmaqdır.... Tapıb, sahib çıxa bilmədiklərini.... Əlində, ovcunda qeyb etdiklərini.... 

OXŞAR XƏBƏRLƏR