“Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris 12 illik olacaq və proqramı uğurla başa vuran şagirdlərə dünyanın bütün qabaqcıl ali məktəbləri tərəfindən tanınan sertifikat veriləcək”.Təhsil Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü Vladimir Kuskovski ilə görüşündə bildirib. Artıq Bakıdakı 6 nömrəli məktəb-liseyin bir ibtidai sinfində bu proqramın tətbiq olunduğunu söyləyən nazir ilk addımın maraqla qarşılandığını vurğulayıb. “Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədris aparılmasını təqdirəlayiq hal kimi dəyərləndirirəm və bu layihənin uğurla həyata keçiriləcəyinə inanıram”.