Ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib.
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik bu məsələdə yaşı 65-dən çox olan işçilərin 2 faizinin əmək fəaliyyətinin davam etdirməsinə icazə verir: “Mən bu gün də o fikirdəyəm ki, bu, çox humanist addımdır. Bizim əsas məqsədimiz yaşı 65-ə çatanları işdən azad etmək deyil, onların arasından işə və Azərbaycan təhsilinə məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır. Hesab edirəm ki, hər bir şəxsi işdən azad etməzdən əvvəl bir az düşünmək və dayanmaq lazımdır. Əgər bu adam hazırda Azərbaycan millətinə ləyaqətlə xidmət edirsə, onu saxlamaq lazımdır”.
Nazir onu da bildirib ki, hazırda müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı iş aparılır. M. Mərdanov bunun çox uzun proses olduğunu da deyib.
Misir Mərdanov deyib ki, Azərbaycanda orta məktəb müəllimləri xüsusi proqram əsasında işə qəbul olunurlar: "Bu il orta məktəblərdəki vakant yerlərə 16 mindən çox namizəd sənəd verib. Artıq onlardan 3000 nəfərə yaxını işə qəbul olunub. Bu gün məktəbə göndərdiyimiz müəllimi kompüter vasitəsilə, ədalətli qaydada seçirik”.Təhsil nazirinin sözlərinə görə, o, orta məktəb müəllimlərinin işə götürülməsi prosesinə qarışmır: “Komissiya var, proqram var, müəllim olmaq istəyən hər kəs sənədlərini təqdim edərək internet vasitəsilə imtahan verib arzu etdiyi yerlərdən birini tuta bilir. Əgər tuta bilməzsə, yenidən hazırlaşsın və gələn il yenidən imtahan versin. Bu gün biz məktəbə məbəd kimi baxırıq, məbədə də hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”.
Nazir deyib ki, Azərbaycanın bölgələrdəki orta məktəblərində hələ də vakant müəllim yerləri var: “Bu problemi bir ilə həll etmək mümkün deyil. Elə adamlar var ki, işə qəbul olunduqları yerlərə getmədilər. Çünki o yerlər onları qane etmir. Ona görə də bir-iki ilin içində bu problemi həll etmək qeyri-mümkündür”.