Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev APA-ya açıqlamasında bildirib ki, təhsil naziri Misir Mərdanov bununla bağlı bu gün əmr imzalayıb. İlk olaraq Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin akkreditasiyası həyata keçiriləcək: “Bu məqsədlə komissiya yaradılacaq və akkreditasiya üçün vaxt təyin ediləcək”. Şöbə müdirinin sözlərinə görə, akkreditasiya prosesi ilkin olaraq 11 pilot məktəbi əhatə edəcək: “Həmin məktəblər Gəncə şəhər 27 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir. Ümumtəhsil müəssisələrinin akkreditasiyası tərtib edilən qrafikə uyğun həyata keçiriləcək”.