Mobil telefonu ödəniş vasitəsi kimi istifadə etmək ideyası çoxdan yaranıb. Hələ 1997-ci ildə Helsinki (Finlandiya) şəhərinin əhalisi mobil telefonlarından ödənişli SMS göndərməklə küçədəki avtomatlardan sərinlədici içkilər ala bilib.
Hazırda isə mobil ödəniş sahəsinin inkişafında əsas istiqamətlərdən biri smartfonlar üçün xüsusi proqram təminatının istifadə olunmasıdır. “Google” və “Apple” şirkətləri özlərinin əməliyyat sistemlərini müvafiq proqramlarla inteqrasiya etməklə məhz bu istiqamətdə irəliləməyə çalışırlar.
Bununla yanaşı, “Apple” artıq bu sahədə alternativ variantlar üzərində düşünməyə başlayıb. Bu variant, yaxın məsafədə olan (10 sm.) mobil qurğulara simsiz yüksəktezlikli rabitə vasitəsilə məlumat mübadiləsi aparmaq imkanı verən NFC texnologiyasının tətbiqidir. Telefonda yerləşdirilən çip vasitəsilə mağaza kassasında və ya ictimai nəqliyyat turniketindəki ödəmə terminalı ilə rabitə yaradılır. Bundan sonra abunəçinin hesabından (inkişaf etmiş ölkələrdə bu adətən bank hesabı olur) müvafiq məbləğ silinir.
Bir müddət mobil rabitə xidmətləri operatorları bu yeniliyin inkişaf tendensiyasını yalnız müşahidə edib, lakin son zamanlar bu fəaliyyət sahəsinin iştirakçıları da mobil kommersiya istiqamətində fəallıqlarını artırmağa başlayıblar. ABŞ-da telekommunikasiya liderləri olan və “Barclays Bank”, eləcə də “Discover Financial Services” bank şirkətləri ilə əməkdaşlıq edən “AT&T”, “Verizon” və “T-Mobile” kimi korporasiyalar müvafiq sistemi artıq tətbiq edir. Bu maliyyə müəssisələrinin kredit kartlarını əldə etməklə istifadəçinin mobil ticarət sisteminə çıxışı olur.
NFC texnologiyasının inkişaf perspektivləri Barselonada keçirilən “Mobile World Congress 2011” sərgisində də müzakirə mövzusuna çevrilir. Texnologiyanın tətbiqinin tərəfdarlarından biri tədbirdə NFC texnologiyasını dəstəkləyən multimedia mobil qurğuları üçün prosessorlar nümayiş etdirmiş “Qualcomm” şirkəti olub.
“Jupiter Research” şirkətinin analitiklərinin fikrincə, 2014-cü ilə kimi hər altıncı smartfon NFC modulu ilə təchiz olunacaq. Artıq bu gün qlobal mobil ödənişlər bazarı 1,13 milyard dollar dəyərləndirilir.