Əfsələddin Ağalarov
Son günlər elə bil hamımızın ayaqlarını kəsdilər. Sanki hamımızın ayaqlarını bir yerə yığıb “Nabran” istirahət mərkəzinə aparıb hovuzun altına atdılar. Bəlkə də, elə buna görə insanların çığırtısından bütün ölkənin qulağı tutuldu. Hamı bir gün də olsa, özünü İmranın çarəsiz ailəsinin yerinə qoyub, məsuliyyətdən boyun qaçıran, səriştəsiz sahibkarı qınaq atəşinə tutdu. Biz jurnalistlər isə “topumuzu-tüfəngimizi” işə salıb bu işə səbəb olan arxalı sahibkarları ifşa etməyə başladıq. Palaz-palaz yazılarımızı ictimaiyyətin diqqətinə çatdırdıq. Alındıda. Sonda hamının istədiyi oldu. Prezidentin göstərişi ilə İmranın müalicəsi dövlətin nəzarətinə götürüldü. Burada bir alqış bizə, bir alqış da prezidentə düşür.
Bizə ona görə düşür ki, məhz mətbuatın sayəsində illərdir ağzına su alıb oturan və varlığından yalnız işçilərinin xəbəri olan Mədəniyyət və Turizm Nazirliyi həmin istirahət mərkəzini bağladı. Bizə ona görə düşür ki, məhz bizlərin sayəsində cinayət işi bu qədər operativ və bu qədər ictimaiyyətə açıq aparıldı. Bizə ona görə düşür ki, məhz biriləri bu hadisənin havasından qorxuya düşüb, özünü sığortalamağa qaçdı. Ancaq alındı. Biz bir körpəni bir günlük də olsa, ölkənin gündəmi edə bildik.
İllərdir jurnalistlərin qan-tər içində vuruşduqları məhz indi-indi işə düşür. Bizlər ictimai rəyi işlətmək və onu doğru yerdə, doğru şəxslərə tərəf yönəltmək üçün illərdir yuxusuz gecələr qurban vermişik. Qarşısında aldığımız sillələr alqışlardan çox olsa da, yenə də peşəyə olan məhəbbətimiz və sayqımızın nəticəsi bizi işləməyə stimullaşdırıb.
Avropalılar “keşiş köpəyi” adlandırır bizləri. Bizlər isə jurnalistləri Aygünü Brillianta, İlhaməni Nazpəriyə, Röyanı yenə Aygünə, Toliki Röyaya vurduran kimi qiymətləndiririk. Çoxları hətta bizi kiminsə “torbası”nı tikməkdə də günahkar bilir. Sanki bizlər gecələr gizlin-gizlin əlimizə bir qayçı götürüb barmağımızın ucu ilə yeriyə-yeriyə Validə Abbasovanın evinə girib onun qarderobundakı uzun donları kəsib-doğrayırıq. Sanki bizlər, Aygünə, Röyaya, Briliyanta “paçka-paçka” pullar verib toylarmızda minnət və xahişlə oxumaqlarını rica edirik. Xeyr. Bunu edən bizlər deyilik. Toylarda, el şənliklərində həmin şəxslərlə ailəvi şəkil çəkdirmək üçün təhlükəsizlik xidmətinin əməkdaşları ilə “razborka”ya çıxanlar, onların yarıçılpaq şəkillərini görəndə nədənsə bizləri tərbiyəsizlikdə və milli-mənəvi dəyərləri korlamaqda günahlandırır.
Dəfələrlə və səbirlə “hər xəbərin öz oxucusu və bəyənəni var” deməkdən dilimizdə bitən tük sifətimizə qədər uzandı. Əgər bu gün Validə Abbasovanın ayaqları İmranın itirilmiş ayaqlarından daha çox maraq doğurursa, deməli burada cəmiyyətin tutulduğu xəstəlik var. Günah keçisini axtarmaqdan vaz keçib, baş barmağımızı çənəmizin altına, qolumuzu stolun üstünə qoyub yaxşı-yaxşı fikirləşməliyik. Necə edək ki, bir gün də olsa, insanlar gözəl və cazibədar modellərin ayaqlarını unudub İmranın “Nabran”da itirdiyi ayaqlarını düşünsün? Necə edəkki, cəmiyyətintutulduğubusarsaqxəstəliyinmüalicəsitapılsın? Bəlkə o zaman beynizimdəki bu nifrəti bütün bədənimizə yayılmaqdan son anda qurtara bilərik.
Bundan sonra təkcə İmranın ailəsi deyil, bizlər də onun yerinə yeriməliyik. Yeriməliyik ki, cazasızlıq mühitinə bir dur deyə bilək.