Dünyanın ən məşhur rəsm əsərlərindən olan "Mona Liza" ilə bağlı yeni iddia ortaya atılıb. İddialara görə, italiyalı rəssam Leonardo Da Vinçiyə əsəri çəkərkən köməkçisi modellik edib. Bunu İtaliyanın Mədəni Miras Komitəsinin rəhbəri Silvano Vincenti Romada mətbuat nümayəndələrinə verdiyi açıqlamasında deyib. O, bu modelin Salai adlı gənc olduğunu qeyd edib.
Əsl adı Gian Giacomo Kaprotti olan gəncin 16 yaşından rəssama kömək etməyə başladığı və 25 yaşına qədər bu vəzifədə qaldığı bildirilir. Silvano Vincentinin sözlərinə görə, Kaprotti sənətçinin ilham pərisi olub, və onun bir çox əsərləri üçün modellik edib.
Mədəni Miras Komitəsinin rəhbəri onu da bildirib ki, "Mona Liza"nın gözlərində Lenonardoya işarə edən "1" rəqəminin və Salaiyə işarə edən "s" hərfi gizlənib. Komitə rəhbəri məşhur rəssamla köməkçisi arasında məhəbbət ola biləcəyini də iddia edib.
Əsərin 1804-cü ildən bu yana nümayiş edildiyi Parisin Luvr muzeyinin rəsmiləri isə Vincettenin bu iddialarını rədd ediblər. Muzeydən verilən açıqlamada tablonun 2004-2009-cu illərdə laboratoriyada tədqiq edildiyi və bu zaman heç bir hərf və ya rəqəmə rast gəlinmədiyi vurğulanıb.