«Beləliklə, biz evimizi əsaslı bərpa etməliyik. Onun sakinləri hərbi, hüquqi və sosial planda müdafiə olunmalıdırlar. Biz ardıcıl olaraq möhkəmlənərək 10 milyon erməninin həmrəyliyini nümayiş etdirməliyik», deyə noyabrın 16-də Moskvada Ümumerməni «Ermənistan» fondunun təşkil etdiyi şam yeməyində Ermənistan prezidentiSerj Sarkisyan bildirib.
İki gündür Ermənistan prezidentinin Rusiya turnesi başlayıb. Amma iş ondadır ki, Sarkisyanın Moskvadakı təmir və bərpa işləri ilə bağlı diletant çıxışları öz ölkəsində etirazla qarşılanmaqdadır. «Sən əvvəl camaatın evlərini (yəni ciblərini) sökməyi dayandır. Sonra bərpa məsələlərindən danışarsan» - deyə öz unikal çıxışları ilə bəndənizi həmişə məmnun edənDavid Şaxnazaryan bildirib. Onun fikrincə, Sarkisyanın bu dəfəki Moskva səfəri də həmişəki kimi yuxarı dairələrdə gəzişib «mən də varam» deyə özünü yada salmaq xarakterlidir.
«Putin, Medvedyev görəsən nə vaxta qədər Sarkisyanı protokol sözlərlə feyziyab edəcəklər? Onlar həmişəki valı patefona yenidən qoyublar. Sarkisyan da özünü elə aparır ki, sanki patefonda fırlanan val yox, özüdür. Görəsən, həminki sözləri Kreml rəhbərliyi Sarkisyana sayca neçənci dəfə deyiblər? Manyak olmaq lazımdır ki, eyni sözləri dəfələrlə eşidəndən sonra onlara yenə də qulaq asasan və bundan məmnunluq duyasan» - Şaxnazaryan deyib bunları.
Erməni Milli Konqresinin aparıcı simalarından olan Şaxnazaryanın Qarabağ əsilli «möhtəkir» və onun şimal səfəri barədə qənaətləri bu qədər bəsitdir. Sarkisyanın Moskvadan Azərbaycana ünvanlanan ittihamlarına da Davidin reaksiyası belədir: «Azərbaycanla bağlı deyiləsi sözlər tükənib. Bir yandan Sarkisyanın «qürur mənbəyi» sayılan ordu sıradan çıxarılıb. Orduda korrupsiya, itkilər və intiharlar pik həddə çatıb. Bu və adamları isə Azərbaycanın müharibə çıxışlarına adekvat cavablar verirlər. Nəyə arxayındırlar? Sarkisyan Moskvada sülhyönümlü çıxışlar etməklə kimi aldatmaq istəyir: Medvedevi, Putini, Əliyevi, bəlkə Sarkozi və Obamanı? Onlar yaxşı bilirlər ki, bu hansı yuvanın quşudur!».
«Lragir» on-layn nəşri isə Serj Sarkisyana qarşı daha "ədalətsizdir". Məsələn qəzet yazır: «Serj Sarkisyanın Ümumerməni «Ermənistan» fondunun təşkil etdiyi şam yeməyindəki çıxışında onun səmimiliyinin dərəcəsi barədə Ermənistandakı vəziyyətə görə nəticə çıxarmaq olar. Həmin 10 milyon ermənidən biri olan Nikol Paşinyan siyasi baxışlarına görə həbsxanada saxlanılır və fiziki-psixoloji zorakılığa məruz qalır. Burada Erməni Milli Konqresinin gənc fəallarını Avropa İttifaqının forumunun önündə piket keçirdikləri üçün polis döyür. Bu 10 milyona daxil olan onlarla gənc burada orduda öldürülür və «özünü öldürür». Ali baş komandan isə ordu barədə eşitmək istəmədiyini bildirir və həlak olan əsgərlərin valideynlərindən üzr də istəmir. Ermənistan hakimiyyəti ermənilərin sosial və digər haqlarını belə təmin edir?» - ermənilərin mətbuatı yazır.
Sarkisyan həmrəylik naminə velosiped kəşv edir
Qəzetin yazdığına görə, Ermənistanda insanların gəlirləri eyni səviyyədə qalır, qiymətlər isə gündən-günə artır. Özü də təkcə xarici yox, həm də yerli malların qiyməti artır. Tibbi xidmət bahalaşır, digər xərcləri də artırırlar. Məsələn, hökumət avtonəqliyyatın məcburi sığortasını tətbiq edir. Ermənistandakı sosial problemləri həll etmək adı altında vergi və gömrük qanunvericilərinə elə dəyişikliklər edilir ki, kiçik və orta sahibkarları boğmaq lap asanlaşsın. İnhisarlar üçünsə yaşıl işıq yandırılır. Hakimiyyət imkanlı ermənilərin də köməyi ilə təhsilin keyfiyyətinin artırılması barədə yox, elitar məktəblərin açılması barədə düşünür. «Buna əsl sosial müdafiə demək olar – burda onlar öz uşaqlarını sosial cəhətdən müdafiə olunmayanlardan müdafiə edirlər» - yazan «Lragir» Sarkisyana xatırladır ki, dünyadakı 10 milyon erməni haqqında düşünməmişdən əvvəl Ermənistanda yaşayan 3 milyon haqqında düşünmək yaxşı olardı. Bunun üçünsə təkcə elitar qruplar deyil, hər kəs üçün keyfiyyətli həyat şəraiti yaratmaq lazımdır. Çünki Ermənistan Konstitusiyasında təkcə elitanın yox, hamının hüquqları təsbit olunub: «Həmrəylik üçün velosiped kəşf eləmək, yaxud da siyasi çıxış eləməyə ehtiyac yoxdur. Bərabər imkanlar həmrəyliyi təmin edir. Bütün vətəndaşlar üçün özünü təsdiq etmək, seçmək və seçilmək, biznes qurmaq, yaratmaq, dincəlmək imkanları yaradın və bu həmrəylik üçün yaxşı meydança olacaq. Digər meydançalar və çıxışlar saxtadır və qeyri-bərabər imkanlardan istifadə edənlər üçün spekulyasiya etməyə gözəl bəhanədirlər. İmkanlar bərabər olanda qeyri-bərabər həyat şəraiti obyektiv xarakter daşıyır. İnsanlar görürlər ki, kimsə zorakılıq, arxa və ya yerlibazlıq sayəsində deyil, bacarığı sayəsində uğur qazanır. Onda həmrəylik də olur. Hamı üçün qəbul olunmuş bu qaydalara Konstitusiya və qanunlar deyilir. Məhz onlar dövləti möhkəmlədirlər» - «Lragir» qəzeti yazır.
Həddini bilməyən mətbuat katibi: kimlər dövləti öz ailəsi ilə səhv salır?
Bu arada Sarkisyanın unikal siyasi platforması həsəd aparacağımız pik səviyyəyə yüksəlib. Burada haşiyəyə çıxmasaq olmaz. Müxalifətçi siyasilərimiz, onları Sarkisyanın kadrları ilə müqayisə etmək istəyimizə görə, qabaqcadan xahiş edirəm, pəgmüjdə olmasınlar. Bir neçə il bundan əqdəm bəndəniz Müsavat başqanından AXCP-nin o vaxtlar aparıcı simalarından biri olan Fuad Mustafayevin onun partiyası haqqında dediyi fikrə münasibət bildirməsini istəmişdi. İsa bəy də tərəddüd etmədən, «qoy AXCP-nin funksionerlərinin iddialarına Müsavatın analoji səviyyədəki funksionerləri cavab versinlər. Məndən niyə soruşursunuz, onlara müraciət edin» dedi. Bəndənizdə də belə qənaət hasil oldu ki, yəqin bundan sonra AXCP-dən yalnız Əli Kərimli nəsə danışanda İsa bəyə müraciət etmək lazımdır. O vaxt buna tənqidi yanaşmışdım. Düşünmüşdüm ki, İsa bəy partiyadaşlarına yuxarıdan aşağı baxır, onları siniflərə, kateqoriyalara bölür. Amma indi başa düşürəm ki, adam haqlı imiş. Gərək hər kəsin fikrinə ona bab olan adam şərh versin.
İndi isə Ermənistanda bu barədə əsas tənqid hədəfi olan Respublika Partiyasının mətbuat katibi Edurad Şarmazanovdur. Erməni həmkarım Akop Badalyan yazıb ki, Şarmazanov hansı haqla MDB icraçı katibi Lebedevin fikirlərinə şərh verir?! Axı onların statusu arasında yerlə-göy qədər fərq var. Akop yazır: «Şarmazanov Lebedevin Bakıda dediyi «Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Naxçıvanla Azərbaycan arasında dəhliz açılması barədə danışıqlar aparılır» fikrini tənqid edib. Şarmazanov Lebedevin bu və işğal olunmuş ərazilərin qaytarılması barədə danışıqlar getdiyi haqqında fikirlərini təkzib edib. Erməni tərəfin izahları heç vaxt arqumentləşdirilmiş və məntiqli olmur. Ona görə də cəmiyyət artıq bu şərhlərə marağı itirir. Eduard Şarmazanovun sözləri də ciddi maraq doğurmur. Lakin Ermənistan hakimiyyətində də artıq normal şərhlər vermək ənənəsi yaranmalıdır.
Birincisi, MDB icraçı katibinin bəyanatını partiyanın mətbuat katibi şərh eləməməlidir. Hətta o, hakim partiyanın mətbuat katibi olsa belə. Bunu rəsmi dövlət orqanı, ya prezident administrasiyası, ya da XİN eləməli idi. Yalnız onlar prezidentlərin danışıqları barədə məlumatlı ola bilərlər. Şarmazanovun bu görüşlərdən xəbəri varmı? Kim ona o görüşlər barədə deyib? Kim ona səlahiyyət verib ki, bu tipli məlumatları təkzib etsin. Bəlkə də bu, onun şəxsi fikridir. İş ondadır ki, Ermənistanda dövlətin adından danışmaq asan işə çevrilib. Çoxları dövləti öz ailəsi ilə səhv salır və ondan danışanda elə bil öz ailəsindən danışır. Məhz buna görə də Ermənistanda dövlət ailələri ailə ənənələri ilə əvəz olunmağa başlayır» - deyə erməni yazar qələmini itiləyib.
Akop təsdiq edir ki, Sarkisyan öz platformasında vəzifələri adamlara görə düzgün bölməyib. Adamın subardinasiya qaydalarından başı qətiyyən çıxmır. «Buna görə Ermənistan yazıq günə qalıb. Bilinmir adam prezidentdir, yoxsa biznesmen. Qanun adamıdır, yoxsa qanun oğrusu».
Karapetyan pulları yemir, hamballara verir
Sarkisyan rejiminin bir şakəri də əmələ gəlib. Bu isə birbaşa adamların şəxsiyyətini alçaltmağı ucalıq əlaməti kimi görmək xüsusiyyətidir. Siz nə vaxtsa Azərbaycanda yüksək çinli məmurun fəhləyə hamının qabağında «hambal» deyə biləcəyini təsəvvür edirsiniz? Amma Ermənistanda bunu asanlıqla edirlər. Çünki təsəvvürə ehtiyac yoxdur. Artıq orada bariz nümunə ortalıqdadır. Dostumuz Akop yenə yazır (mən onun publisistikasının heyranıyam. Çünki Ermənistanda onun kimi Sarkisyanı nəzmə çəkən çox az sayda jurnalist var-m.): «Ermənistanda - Prezident Administrasiyasının rəhbərinin etiraz aksiyası iştirakçılarına «hambal» dediyi ölkədə sabah başına nə gələcəyini heç vaxt bilə bilməzsən. Əgər bu ölkədə ictimai fikirlə hesablaşan olsaydı və hakimiyyət xalqa məxsus olsaydı, təbii ki, həmin məmur çıxıb öz sözlərinə izahat verər və üzr istəyərdi. Və çox yəqin ki, istefa verərdi. Ya da onu işdən qovardılar.
Ermənistan prezidenti administrasiyasının rəhbəri Karen Karapetyan bu günlərdə «Nairit» zavodunun maaş tələb eləyən işçilərindən birini "hambal" adlandırıb. «Hökumət maaşlarımızı yeyir və bizim pullarımızı vermir» - deyən etirazçıya Karapetyan «mən pul yemirəm, mən onları tapıram və sənin kimi hamballar üçün yığıram» cavabını verib. Pul yemək ittihamı ciddi ittihamdır, hətta cinayət xarakterlidir. Lakin aylarla pulunu ala bilməyən və Karen Karapetyan kimi insanların yağ-bal içində üzdüyünü, xaricdə və Ermənistanda mülk aldığını görən insanların başqa əlacı da qalmır. Kimyəvi zavodun aşınmış avadanlığı ilə işləyən və sağlamlığını itirən insanlar başqa nə eləməlidirlər? Təbii ki, onlar gündən-günə varlanan hakimiyyətin onların pullarını yediyini düşünürlər. Həmin adamlara hambal deyən məmurlar özlərinə qarşı şübhəni daha da artırırlar. Çünki normal halda onlar izahat verməli və vəziyyətdən çıxış yolu göstərməli idilər. Lakin burda nə izahat verəsən? Ermənistan prezidenti belə hallarda susmağa daha çox üstünlük verir» - deyə Akop yazır.
O, daha sonra deyir ki, Karen Karapetyan Samvel Karapetyanın qardaşıdır. Samvel Karapetyan isə Ermənistan və Dağlıq Qarabağa çoxlu pul ayıran bir şəxsdir. Əgər Sarkisyan Kareni qovsa və ya cəzalandırsa, Samvel pul verməyəcək. Ona görə də Serj Sarkisyan üçün Samvel Karapetyan ictimai fikirdən daha hörmətli, daha qiymətli resursdur.
Yazıya nöqtə qoymaq üçün Serjin bir eyibsizliyini də xatırlatmaq istəyirik. Erməni siyasi şərhçi İqor Muradyaniddia edib ki, Sarkisyan Qarabağın ən varlı vətəndaşıdır. Nə deyək, Allah bərəkət versin. Qadamız gözü götürməyən ermənilərin ürəyinə...
mənbə : milli.az