Bəzi motosiklet sürücüləri yanacaqdoldurma məntəqələrində tətbiq olunan qaydalarla bağlı narazılıqlarını ifadə edirlər. Onların sözlərinə görə, məntəqəyə daxil olarkən əməkdaşlar motosikleti yanacaqpaylayıcı qurğuya təxminən 10 metr qalmış söndürərək əl ilə itələməyi tələb edir və bunun Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarından irəli gəldiyini bildirirlər.
Sürücülər isə hesab edirlər ki, bu tələbin tətbiqi xüsusilə çəkisi 300-340 kiloqramdan artıq olan iri həcmli motosikletlər üçün ciddi çətinlik yaradır. Onların sözlərinə görə, belə motosikletləri təkbaşına əl ilə yanacaqpaylayıcı qurğuya qədər aparmaq bəzi hallarda mümkün olmur.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, bu qayda yanğın təhlükəsizliyi qaydalarında qeyd olunmamışdır:
"Motosikl və mopedlərin yancaqdoldurma məntəqələrinin kolonkalarına 15 metrə qədər məsafə qaldıqda, mühərrikləri söndürüb əllə itələnərək kolonkaya yaxınlaşma tələbi yanğın təhlükəsizliyi qaydalarında qeyd olunmamışdır. Bu tələb Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin (keçmiş) 14.03.2008-ci il tarixli 15 nömrəli əmri ilə təsdiq edilmiş "Atomobillərə yanacaq doldurma məntəqələrinin texniki istismar Qaydaları”nın 13.4-cü yarımbəndinin 4-cü hissəsində təsbit edilmişdir”.
Şahanə Ziyad










































