Bu gün Azər Sarıyev Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunması üçün ərizə yazıb
Bunu AzNews.az-a A.Sarıyev özü bildirib:
“Bu gün MSK-ya gedib vəzifəmdən azad olunmağım üçün ərizə yazdım. Sənədi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova təqdim etdim. Fevral ayının 24-dən işdən azad olunmağım barədə ərizəmdə qeyd etmişəm.
Artıq gələn həftənin birinci günündən etibarən Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən rəsmi şəkildə gedəcəm”.
Qeyd edək ki, A. Sarıyev yaxın həftələrdə AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri təyin ediləcəyi gözlənilir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov açıqlamasında deyib ki, Azər Sarıyevın yerinə hələ ki təyinat olmayıb. Onun sözlərinə görə, qurumda vəzifəyə təyinetmə səlahiyyətləri MSK sədri Məzahir Pənahova məxsusdur: “Sədr bu vəzifəyə nə vaxt kimisə təyin etsə, bunu hər kəs biləcək”.
Şöbə müdiri vəzifəsinə nə vaxt təyin ediləcəyini bilmədiyini söyləyən N.Məmmədov vurğulayıb ki, yerli media nümayəndələrindən kimisə bu vəzifəyə gələcək.
Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gələn həftə təyinat olacaq. Artıq bu vəzifəyə bir neçə nəfərin namizəd olduğu vurğulanır.












































