Zərərçəkənlər generalı simulyasiya etməkdə ittiham etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq
Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev,
Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam
edir.
Musavat.comxəbər verir ki, noyabrın 5-də Bakı Hərbi Məhkəməsində keçirilən
açıq məhkəmə iclasına jurnalistlər yenə buraxılmayıb. Hakim Elbəy
Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə kritik anlar yaşanıb.
Təqsirləndirilən Yasin Məmmədov dindirilərkən sabiq rəisi Mövlam Şıxəliyevin əleyhinə
ifadə verib. Qanunsuz həbslər, cinayətə bərabər qanunsuz göstərişlərlə bağlı
sualların cavabında məsuliyyəti üzərindən atıb. Belə tapşırıqların Mövlam Şıxəliyevin
göstərişi ilə baş tutduğunu deyib.
Keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir
barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu
yarı huşsuz halda zaldan çıxarıb. Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət
olunub. Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlam Şıxəliyev tez bir
zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlam Şıxəliyevi
özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər. Məhkəməyə çağırılan
həkimlər Mövlam Şıxəliyevi müayinə etdikdən sonra Musavat.comun əməkdaşına
bildiriblər ki, pasiyentin təzyiqi qalxıb, həyatına hər hansı bir təhlükə
yoxdur.
Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında
ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5
milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda,
həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham
edilir.
Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində
istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.