MTN-in akademiyasında Heydər Əliyev anıldı

MTN-in akademiyasında Heydər Əliyev anıldı
Bütün Xəbərlər
17:00 25.04.2013
1190

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilib. MTN-dən SİA-ya verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək bildirib ki, 90 illik yubileyini bütün elliklə təntənəli şəkildə bayram etdiyimiz, xalqımızın taleyində misilsiz rol oynayan, müstəqil Azərbaycanın dövlətçiliyini qurub-yaradan Ulu öndər Heydər Əliyevi böyük siyasətə aparan yol təhlükəsizlik orqanlarından başlanıb.

Zəngin həyatının 25 ilini Azərbaycanın xüsusi xidmət orqanlarına həsr etmiş, sıravi əməkdaşdan Təhlükəsizlik Komitəsinin sədri, leytenant rütbəsindən general rütbəsinə yüksəlib və bu orqanlarda öz məktəbini yaradıb. Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərliyi zamanı bu strukturda əvvəlki dövrlərdən köklü surətdə fərqlənən ab-hava yaradıb, əməliyyat fəaliyyətinə və onun səmərəli təşkilinə yaradıcı baxış formalaşdırıb, Azərbaycanın milli maraqlarını ön plana çəkib. Heydər Əliyev hələ sovetlər dönəmində mövcud qadağalara baxmayaraq, cəsarət və uzaqgörənliklə, öz şəxsi karyerasını təhlükə altında qoyaraq, təhlükəsizlik orqanlarının milliləşdirilməsi siyasətini böyük ustalıqla, mərhələ-mərhələ həyata keçirib və müstəqillik illərində tam başa çatdırıb.

Akademiyanın rəisi bildirib ki, 1969-1982-ci illər tariximizə sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, millətdə dövlətçilik ideyalarının güclənməsi, ölkəmizin gələcək müstəqilliyinin təməlinin qoyulması dövrü kimi daxil olub.

Mərkəzin Dağlıq Qarabağda yeritdiyi ikiüzlü siyasətə və 20 yanvar qırğınına qarşı etiraz səsini ucaldaraq, Moskvanın bütün təqib və təzyiqlərinə baxmayaraq, 1990-cı ilin iyulunda Vətənə qayıtmış Heydər Əliyev yalnız onun özünə xas olan qətiyyət və dönməzliklə qurtuluş mübarizəsinin önünə keçmişdir. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xüsusilə əlamətdardır. 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın ali qanunvericilik orqanı Ulu öndərin təşəbbüsü ilə Azərbaycanın üçrəngli bayrağının və həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün ölkə rəhbərliyi qarşısında vəsatət qaldırdı.

Akademiyanın rəisi qeyd edib ki, 1993-cü ilin iyununda xalqın çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev xalqın dəstəyi, öz şəxsi qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirdi və beləliklə, yenicə müstəqilliyini qazanmış ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi.

Heydər Əliyevin siyasi iradəsi sayəsində 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” imzalandı və onun həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş surətdə reallaşdı.

Dövlətin xarici siyasəti milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər quruldu. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapıb.

Ümummilli lider bütün mənalı həyatını xalqına qurban verməklə kifayətlənməyib, xalqın gələcəyini düşünüb, müdrik siyasəti davam etdirəcək, xalqın mənafelərini etibarlı təmin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürəcək yeni lideri – Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevi, böyük siyasi nüfuzu olan bir şəxsiyyəti öz siyasi məktəbində yetişdirib.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik, inamlı, cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada getdikcə güclənir. Son illərdə əldə edilmiş misilsiz nailiyyətlər təbii ki, Heydər Əliyev kursunun və strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir. Azərbaycanın haqq sözü artıq bütün dünyada eşidilir. Onu göstərmək kifayətdir ki, 155 ölkənin birmənalı dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və bu ali təşkilatın kürsüsündən öz sülhməramlı siyasi missiyasını dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Cənubi Qafqazda ən qüdrətli və lider dövlət olmaqla bərabər, iqtisadi və siyasi parametrlərinə görə inkişaf etmiş dövlətlərlə bir sırada inamla addımlayır və gələcəkdə daha böyük uğurlara imza atmaq əzmindədir.

Bu gün ümummilli lider Heydər Əliyevin amalları, bütün həyatını həsr etdiyi, canından artıq sevdiyi, qurub yaratdığı Müstəqil Azərbaycan yaşayır və daim inkişaf edir. Heydər Əliyevin 90 illiyini təntənəli şəkildə bayram edən Azərbaycan xalqı ulu öndərin ölməz xatirəsinə hədsiz ehtiram bəslədiyi kimi, onun siyasi varisi sevimli Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən azərbaycançılıq siyasətinə də böyük inam bəsləyir və ürəkdən dəstəkləyir.

Z.Yusifzadə eyni zamanda qeyd edib ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu öndərin həyatı bahasına qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, fədakarlıqla çalışmaq, milli birliyimizə və həmrəyliyimizə sədaqətlə xidmət etməkdir.

Tədbirdə çıxış edən professor, polkovnik C.Qasımov, polkovnik-leytenant A.İsmayılov, baş leytenant B.Abdullayev, kursantlar E.İsgəndərov və M.Tağıyev Ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Vətənin müstəqilliyini göz bəbəyitək qoruyacaqlarını, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, vətənimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Qeyd edək ki, tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR