“Planet Parni iz Baku” teatrının aktyorları dünən TV və nazirlərlə bağlı sensasion açıqlamalarla çıxış ediblər.
Aktyorlar bəzi televiziyaların onlara qadağa qoyduğunu, digərlərinin isə onların konsertlərini ixtisarlarla yayımlamağa razı olduqlarını açıqlayıb. Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov mətbuata müsahibələrində bildiriblər ki, TV-lərin bu rəftarlarına səbəb nazir və nazirlik rəsmilərinin təzyiqləridir.
Məsələ ilə bağlı açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, kimlərinsə efrə buraxılması məsələsi kanal rəhbərliyinin səlahiyyətində olan məsələdir: “Onun işinə kimsə qarışa bilməz. Kanal rəhbərinin özünün yaradıcı siyasəti var. Bu, onların şəxsi işidir, kimi istəsə efirə buraxar, kimi istəsə buraxmaz?”
T.Məmmədov qeyd edib ki, MTRŞ-ın TV-lərdə efir qadağası ilə bağlı hər hansı qanunu yoxdur: “Hər hansı bir şəxslə bağlı qadağa müəyyənləşdirilməyib. Televiziya müstəqil bir orqandır. O, proqram siyasətini müstəqil olaraq həyata keçirir. Televiziyaların yaradıcılığı peşə müstəqilliyi nəticəsində həyata keçirilir. Əgər kimisə efirə buraxmırlarsa, bu kanal rəhbərinin özünün yaradıcılıq siyasətidir”.
///AzNews.az