2017-ci ildə Azərbaycan ictimaiyyətinin marağını çəkən bir xəbər yayımlanmışdı. Həmin dövrdə yayılan məlumata görə, Türkiyədə fəaliyyət göstərən "İST Film" adlı şirkət Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film çəkəcəyini elan etmişdi.
Elanda filmin çəkilişlərinin 2015-ci ildən başlanıldığı bildirilsə də, çəkilişlərin 15 iyul - hərbi çevrilişə cəhddən sonra təxirə salındığı və 2017-ci ildə yenidən başlandığı qeyd edilmişdi. Açıqlamalarda çəkilişlərin Azərbaycanda baş tutacağı, filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcəyi və 2018-ci ildə kinoteatrlarda yayımlanacağı bildirilirdi. Hətta istehsalçı şirkət Azərbaycandan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu və məşhur aktyor heyəti ilə birlikdə çalışılacağını açıqlamış, döyüş səhnələrində isə Türkiyə və Azərbaycandan əlavə, "Hollywood" ilə "Bollywood" kinolarının dünyaca məşhur rejissorlarla iş birliyinə gediləcəyini bildirmişdi.
Mübarizlə bağlı çəkiləcəyi deyilən filmin 2017-ci ildə cəmisi bir "teaser"i də yayımlanmış və maraq doğurmuşdu.
2021-ci ildə isə, filmin yenidən "teaser"i yayımlandı. İstehsalçı şirkətin "Youtube"da yayımladığı "teaser"də bu dəfə filmin Türkiyənin Mədəniyyət və Türizm naziriyi tərəfindən dəstəkləndiyini və yayımlanacağını qeyd etmişdi.
AZXEBER.COM məsələ ilə bağlı filmin Azərbaycandan olmalı olan rejissoru Samir Kərəmoğlunun fikirlərini öyrənib. Rejissor filmin çəkilmədiyini bildirib:
"O filmin çəkilib davam etdirilməsi alınmadı. Türklərlə bigə işləyirdik. Onlar pul alıb çəkilişləri etmək istəyirdilər. Filmin bir tizerini özləri çəkmişdilər. Gəldilər, görüşüb danışdıq, razılaşdılar. Hər şey normal irəliləyirdi. Sonra çalışdılar Mədəniyyət Nazirliyindən pul alsınlar, ona da nail ola bilmədilər. Mövzu da bağlandı, getdi".
Rejissor Azərbaycanda kino sahəsində belə məsələlərin sıx-sıx yaşandığını bildirib: "Belə məsələlər çox olur. Təkcə Əbülfəz Qarayevin dövründə altı müharibə mövzulu filmin üstü bağlanıb. Çəkilməli olan filmlər ortada yoxdur. Pul ayırılırdı, bunlar yeyirdi, amma ortalıqda bir iş də olmurdu. İndi də o dövrdə görülən işlərin araşdırması aparılır".
![](https://azxeber.com/file/pic/xeber/2022-02/1643883932_samir-keremoglu-xeber-gh.jpg)
S.Kərəmoğlu mövzunun təkcə Mübarizlə bağlı çəkilməli olan filmdə olmadığını, ümumilikdə Azərbaycanda müharibə janrında filmlərin çəkilişində böyük problemlərin olduğunu deyib: "Müharibə filmi elədir ki, maddiyatı birə beş aparır. Çox pul tələb edir. Məsələn, bizim 2019-da Kəlbəcərlə bağlı gözəl proyektimiz var idi. Hətta mən tizer də çəkmişdim. O, hələ də qalıb. Heç kəs üçün maraqlı olmadı. Baxmayaraq ki, veteranlarla, şəhid qardalşarı ilə söhbətlər var idi. Bu kinomuzun ümumi bəlasıdır. Bundan əvvəlki sədr 10 il heç nə etmədi, indi də sakitçilikdir. Ən pisi də elə sakitçiliyin olmasıdır, onda daha da geriyə gedirsən".