“Mübariz İbrahimovun rolunu oynamazdım çünki...” – MÜSAHİBƏ

GƏNCLİK
10:35 01.10.2011
2418

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

AZXEBER.COMportalı “Mən evə qayıdıram” filminin rejissoru, gənc aktyor Samir Kərimoğlunun müsahibəsini təqdim edir.

-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir. Bir gənc rejissor kimi, bu festivala münasibətiniz?

Mən bu festivalı keçirən bütün idarə heyətini təbrik edirəm. Bu işin ərsəyə gəlməsi çox böyük uğurdur. Bu festival çoxdan keçirilməli idi.

- Sizcə, festivalın keçirilməsinin gənclər üçün necə nəticəsi olacaq?

İndi gənclərimizin buna çox ehtiyacı var. Çünki neçə illərdir ki, belə layihələr olmurdu. Hamısı şou-biznes xarakterli şeylərdir. Düşünürəm ki, festivalın gənclərə həsr olunması, yeni yaradıcı gənclərin ortaya çıxmasında müstəsna rol oynayacaq.

- Bilirsiniz ki, yaradıcı gənclərin iş tapmaqda çətinlikləri var. Sizcə festivalın onlara bu sahədə köməyi dəyə bilər?

Belə layihələr bunun üçündür. Onlara yeni imkanlar, şanslar yaradacaq. Hər zaman başlayanda bu cür olur. İndi tammetrajlı filmlər çəkən rejissorlar əvvəlcə qısametrajlı film çəkməklə başlayıblar. Bu da onlar üçün bir yolun başlanğıcıdır. - Samir Kərimoğlu üçün vətənpərvərlik nə deməkdir?

Vətənpərvərlik insanın bütün çətinliklərə, əzablara, psixoloji, mənəvi, maddi problemlərə baxmayaraq vətəninə olan sevgisini itirməməsidir. Ən pis məqamda belə vətənindən üz döndərməməsidir. - Mübariz İbrahimovun həyatına həsr olunmuş filmdə rol almaq təklifi gəlsə, özünüz bu rolu ifa edərdiniz yoxsa...?

Mübariz İbrahimovun rolunu oynamazdım çünki, tipaj olaraq Mübarizə oxşamıram. Hər bir gəncin beynindən dəfələrlə Mübarizin etdiyi hərəkət keçib. Düşünürəm ki, Azərbaycanda Mübarizin yerində olmaq istəyən çox gənclər var. Məsələn, mən bu rolu Murad Abdullayevə verərdim. - Niyə məhz Murad Abdullayev?

Çünki həm komplektası, həm də fiziki göstəriciləri uyğun gəlir. - Bəlkə, bu rola hazır olan gəncləri aktyorlardan yox, elə səngərdən götürmək olar?

Ola bilər. Mən peşəkar olmayan aktyorları çəkməyi xoşlayıram, amma bu çətin peşədir. Çətin olmasına baxmayaraq, mən bu üsuldan istifadə edirəm və nəticə çox daha yaxşı alınır.

Hazırda hansı layihə üzərində işləyirsiniz?

Hazırda bir film üzərində işləyirəm. Film, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş olunub. Bildiyiniz kimi, 2010-cu ildə İsmayıl Səfərəliyevin “Mən evə qayıdıram” ssenarisi birinci yerə çıxmışdı. Ona birincilik veriləndə Azərbaycan kino həftəsi keçirildi. Mənim filmim“Niyyət” in premyerasında ona mükafat təqdim olundu. Qismət elə gətirdi ki, bir yerdə işləməli olduq. Artıq filmin çəkilişləri, demək olar ki, qurtarır. Burada Azərbaycan zabitlərinin 1992-ci ildə rus ordusuna xidmət etməsini, sonra Qarabağ müharibəsinin başlanması ilə Azərbaycan ordusuna keçməsini göstərilir.

-Uğurlar sizə

Təşəkkür edirəm.

Söhbətləşdi: Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR