Mübariz Qurbanlı: 'Cəmil Həsənli radikalların əvvəllər dediyini təkrar edir'

SİYASƏT
01:00 28.08.2013
2085

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlının Gün.Az-a müsahibəsi:

- Mübariz müəllim, bildiyiniz kimi, müxalifətin bir hissəsinin birləşdiyi Milli Şura Rüstəm İbrahimbəyovla bağlı vahid namizəd məsələsi uğursuzluğa düçar olduqdan və gərgin müzakirələrdən, qarşlıqlı ittihamlardan sonra, ehtiyat namizəd variantının - professor Cəmil Həsənlinin namizədliyi üzərində dayandı.

Sizcə, R.İbrahimbəyovla bağlı problemlərin yaşanacağını bilə-bilə Milli Şuranın bu qədər gec qərar verməsinin kökündə nələr dayanır? Eyni zamanda, fikrinizcə, ehtiyat namizədlə bağlı qərar vermək üçün bu qədər gözləməyə ehtiyac vardımı və ümumiyyətlə, ehtiyat namizəd onlar üçün uğur vəd edirmi?

- Əvvəla, gəlin Azərbaycanın siyasi palitrasına bir nəzər salaq. Azərbaycanda bir tərəfdə hakim partiya - Yeni Azərbaycan Partiyasıdır. Yəni, hakimiyyətin mövqeyini ifadə, müdafiə edən və ölkənin idarəçiliyində fəal rol oynayan Yeni Azərbaycan Partiyasıdır. Eyni zamanda, ölkədə konstruktiv mövqedə dayanan siyasi partiyalar, müxalifət partiyaları var. Bu partiyaların, demək olar ki, əksəriyyəti də Milli Məclisdə təmsil olunublar.

Həmçinin, ölkədə radikal mövqedə dayanan və öz fəaliyyətində daim radikallığı nümayiş etdirən partiyalar var. Bundan başqa, qeydiyyata alınmamış qruplar var. Bu qruplar da müxtəlif sol və dini amilləri özündə ehtiva edir, lakin cəmiyyətdə kifayət qədər inkişaf tapa bilmir. Beləliklə də, biz bu palitrada, bu siyasi mənzərədə hər kəsin elektoratını, onun yerini, mövqeyini, imkanlarını təhlil yolu ilə görə bilirik.

Yeni Azərbaycan Partiyası 1993-cü ildən siyasi hakimiyyətdədir. Ulu öndər Heydər Əliyevin yaratmış olduğu partiya sağ mərkəzçi partiyadır. Dövlət idarəçiliyində mühüm əhəmiyyətli prinsiplərə, ideoloji bazaya söykənir və bunun üzərində də fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının və bu partiyanın söykəndiyi ideologiyanın tərəfdarları Azərbaycanda kifayət qədər çoxdur.

Bu partiyanın söykəndiyi ideoloji prinsiplər əslində Azərbaycan dövlətinin ideoloji prinsipləridir. Bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezidentimiz cənab İlham Əliyev məhz bu ideologiyanın, bu prinsiplərin əsasında Azərbaycanı yönəltməkdədir.

Bu prinsiplər Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. Burada bu prinsipləri sadalayaraq, geniş vaxt və zaman almaq istəməzdim, bunlar bəllidir, məlum məsələlərdir. Yeni Azərbaycan Partiyasının üzvləri 600 mindən yuxarıdır. Lakin bu partiyanın yaradıcısı Heydər Əliyevin və eləcə də bu gün ölkəni idarə edən hakim partiyanın rəhbəri cənab İlham Əliyevin siyasətinin tərəfdarları milyonlarladır və deyərdim ki, dünyada olan azərbaycanlılar da bu siyasətin tərəfdarı sayılmalıdır.

Onların xeyli hissəsi bu siyasəti müdafiə etdiyini hər zaman büruzə veriblər.

Yuxarıda qeyd etdiyim kimi, ölkədə konstruktiv mövqedə dayanan partiyalar da var. Bu partiyaların da Azərbaycan cəmiyyətində, seçicilər arasında müəyyən tərəfdarları var. Ancaq bu, böyük rəqəm deyil.

Bütövlükdə bizim hesablamalara və bir sıra aparılan sorğulara istinad etsək, yəni, müxalifət yönümlü qrupları, - istər radikal olsun, istər konstruktiv mövqedə olsun və yaxud da, digər qruplar- sollu-sağlı müxtəlif qruplar olsun - hakimiyyətin siyasətinə qarşı çıxanları ümumi rəqəmlərlə ifadə etsək, bunlar 10 faiz civarında ola bilər...

- Əgər elədirsə, o zaman həmin qrupların içərisində radikalların özləri neçə faiz təşkil edir?

- Əgər bunların içərisində radikalların təhlilini ayrıca aparsaq, o zaman məlum olar ki, radikalların tərəfdarları 1 faizdən artıq ola bilməz. Ona görə dəfələrlə demişik və yenə təkrar edirik ki, radikal qanadın yaratdığı istənilən qurum, istənilən təşkilat bu qurumun arxasında radikal qrupların, şəxslərin dayanmnasına görə, cəmiyyətdə istənilən nüfuza, istənilən tərəfdara malik ola bilməz və ola bilməyəcək. Bunu biz dəfələrlə seçkilərdə də görmüşük. Yəni, ən çox radikallıq edənlər elə sonda uğursuzluğa ən çox düçar olurlar.

Çünki bu gün Azərbaycanda radikalizmə dəstək yoxdur. Azərbaycan cəmiyyəti həmişə radikal qanada münasibətdə mənfi mövqe sərgiləyib...

- Amma o da faktdır ki, ötən əsrin 80-ci illərinin sonlarında radikallara və radikalizmə daha çox meyl və dəstək var idi...

- Bilirsiniz, o vaxtki radikalizmlə bugünkü radikalizmi müqayisə və eyniləşdirmək olmaz. Sovetlər dövründə, xalq hərəkatı dönəmin sovet sisteminə, o cümlədən, keçmiş rejimə qarşı mübarizədə radikal çağırışlar insanları daha çox cəlb edirdi.

Çünki o dövrdə müstəqillik, həmçinin, keçmiş sovet rəhbərliyinin bizə qarşı haqsızlığı radikal çağırışları önə çıxarmışdı və radikal çağırış edənlər də Azərbaycanda xalq hərəkatı dövründə ən öndə gedən adamlar idi. Onların çağırışlarına da insanlar özlərini daha çox tərəfdar kimi göstərirdilər.

Sonrakı mərhələdə - müstəqillik əldə edildikdən sonra isə Azərbaycanda radikal çağırışlar öz əhəmiyyətini itirdi. Çünki radikalizmin içərisində həm də nəyisə əldə etmək naminə güc, zor tətbiq etmək, qanuna qarşı getmək çağırışları dayanır. Bu cür çağırışlar dediyim kimi, sovetlər dövründə həmin rejimə qarşı mübarizə zamanı özünü doğrulda bilərdi, amma müstəqil dövlət quruculuğu dövründə bunlar özünü doğrultmur və doğrulda da bilməz.

Ona görə indi radikal çağırışları özündə ehtiva edən, özündə daşıyan, bunu təbliğ edən qruplar birmənalı məğlubiyyətə məhkumdurlar. Yəni, məsələyə bu baxımdan, bu təhlillə yanaşsaq, qəti əminliklə deyə bilərik ki, Milli Şura deyilən qurumun namizədinin kim olmasından asılı olmayaraq, həmin qurum qarşıdan gələn seçkilərdə hər hansı bir uğur qazana bilməz və bilməyəcək.

Onu da deyim ki, bu qurumun ilkin irəli sürdüyü namizəd - Rüstəm İbrahimbəyov, rejissor, o qədər də siyasətə yaxın olmayan bir adam müəyyən problemləri olduğuna görə seçkilərə artıq qatıla bilmir.

Bununla yanaşı, onun namizədliyinin irəli sürülməsi ətrafında böyük hay-küy qaldırmalarına baxmayaraq, həmin namizədliyi təsdiq edilsə və qeydə alınsaydı belə, hər hansı bir uğurdan söhbət gedə bilməzdi. O, yalnız və yalnız radikal kəsimin tərəfdarlarının səsini toplaya bilərdi.Radikal kəsim isə qeyd etdiyim kimi, cəmiyyətdə heç bir dəstəyə malik deyil. Bunun səbəbləri də məlumdur.

Radikal kəsim bir tərəfdən uğurları inkar edir, ikincisi, məqsədinə çatmaq üçün bütün vasitələri məqbul sayır. Makiavellinin məşhur kəlamında dediyildiyi kimi, “məqsəd vasitəyə bəraət qazandırır” “prinsipi” ilə hərəkət edirlər.

Üçüncüsü, həmin radikal qanad daim qanunu pozmağa meyllidir. Onlar istənilən aksiya, tədbir zamanı qanunu pozmağa meylliliyini açıq şəkildə büruzə verirlər. Biz bunu əvvəlki dövrlərdə çox görmüşük.

Dördüncüsü, radikal qanad Azərbaycan əleyhinə olan xaricdəki dairələrlə bir sıra hallarda sinxron fəaliyyət göstərirlər. Bu da öz növbəsində milli maraqlara zidd olur. Radikal qanad “nə qədər pis olursa, bizim üçün o qədər yaxşıdır” prinsipini əsas götürür.

Eyni zamanda, həmin radikal qanad nəticə etibarı ilə hətta, təbii fəlakətləri belə hakimiyyətin ayağına yazmağa cəhd göstərir. Bu isə anlaşılan deyil. Buna görə də Azərbaycan cəmiyyəti həmin dağıdıcılıq elementini daşıdığına görə, radikalizmi inkar edir.

Bir sözlə, Azərbaycan radikalların tərəfdarları çox azdır. Adını Milli Şura, nə bilim, nə qoyur-qoysunlar, istər Rüstəm İbrahimbəyovu namizəd irəli sürsünlər, istər ehtiyat namizəd olan Cəmil Həsənlini, istərsə də, Milli Şurada əsas söz sahibi olan partiyaların - AXCP və Müsavatın liderlərini namizəd irəli sürsünlər, fərq etməz, dəyişən heç nə yoxdur və olmayacaq. Bu baxımdan, əminəm ki, konstruktiv mövqe tutan müxalifət partiyalarının namizədi və ya namizədləri seçkilərdə radikalların namizədindən üstün mövqedə olacaq.

Çünki cəmiyyət radikalizmi inkar edir. Bir daha deyirəm, radikalizmin içərisində bir dağıdıcılıq var ki, bu da cəmiyyətdə qəbul olunan hal deyil. Ancaq o da məlumdur ki, Azərbaycan xalqı müəyyən yol keçib, müəyyən təcrübə toplayıb, bu təcrübə də ona təlqin edir ki, sabitlik olsun. İnkişaf üçün sabitlik çox önəmlidir.

Eyni zamanda, bu inkişaf üçün Azərbaycanın daxilində həmrəyliyin olması vacibdir. Bu inkişaf eyni zamanda, bizə təcavüz edən Ermənistanı iqtisadi cəhətdən taqətdən salmağa xidmət edir. Gələcəkdə bizim Ermənistan üzərində torpaqlarımızı qaytarmaqla bağlı həyata keçirəcəyimiz siyasətə xidmət edir.

İnsanlar da bunları bilirlər, görürlər və ona görə də onlar hakimiyyətin apardığı siyasəti müdafiə edirlər. Çünki hakimiyyətin siyasəti ümummilli marağı ifadə edir, fərdlərin maraqları ümumi maraqlarda özünü göstərir. Hər bir fərdi maraq sonda milli maraqda birləşir və fərdi maraqlarla milli maraqlar uzlaşır.

Lakin radikalların şəxsi maraqları isə bu maraqdan kənara çıxır.

Qeyd etdiyimiz kimi, indi radikallar ehtiyat namizəd olaraq Cəmil Həsənlini irəli sürüblər. Cəmil Həsənlinin ehtiyat namizəd olaraq irəli sürülməsi də bir gediş idi. Yəni, həmin radikal qanadın daxilindəki ziddiyyətlər başqa bir namizəd axtarışı üzərində quruldu və nəticədə Cəmil Həsənli ehtiyat namizəd kimi irəli sürüldü. Ancaq buna baxmayaraq, həmin qurum daxilində olan ziddiyyətlər davam edir, özünü açıq şəkildə göstərir və bu, gec-tez Milli Şurada dağılmaya gətirib çıxaracaq. Bu, aksiomadır.

Hər yerdən əlləri üzülən radikallar Cəmil Həsənlinin şəxsiyyəti üzərində piar qurmağa çalışırlar, onun göstəricilərini önə çəkmək istəyirlər. Onu da deyim ki, Cəmil Həsənlinin özünün bugünkü çıxışları həmin radikalların 10-15 il əvvəlki çıxışlarının başqa bir formada davamıdır, təkrarıdır...

-Yəni, siz onun “Azadlıq” qəzetindəki müsahibəsini və namizədliyindən sonra verdiyi açıqlamaları bütövlükdə radikallıq hesab edirsiniz...

- Bəli. Bilirsiniz, Cəmil Həsənli on il millət vəkili olub və indi o, deyəndə ki, Azərbaycanda seçkilər ümumiyyətlə, saxta keçirilib, bu zaman belə bir sual ortaya çıxır ki, əgər seçkilər saxta olubsa, sənin özün necə seçilibsən, saxtamı seçilmisən?

Əgər saxta seçilmisənsə və saxta seçildiyini bilə-bilə on il parlamentdə oturmusansa, indi hansı mənəvi haqla siyasi aləmdə ortaya çıxaraq, bu cür tezislər ortaya qoyursan? Əvvəla, keçmişdən bu yana baş verən seçkilərin saxtakarlığı haqda tezisləri radikallar mütəmadi olaraq dilə gətirirlər, təkrar edirlər.

Ona görə təkrar edirlər ki, onlar hər dəfə məğlubiyyətdən sonra öz tərəfdarlarına nəyi isə hansısa bir formada izah etməlidirlər...Özü də həmin adamlar 20 ildir radikal qanadın önündə dayanaraq eyni sözləri təkrar edirlər, bir addım olsun belə, irəliyə gedə bilmirlər. İndi isə Cəmil Həsənli də həmin radikalların dediyini təkrar edir. Bu şəxs vaxtı ilə AXCP-nin üzvü, sədr müavini olub, sonra da həmin partiyadan istefa verib.

İndi onun haçan, nə zaman harada olub-olmasından da söhbət getmir, söhbət ondan gedir ki, Cəmil Həsənli o zaman AXCP üzvləri arasında olsa da, ancaq orada heç zaman radikal qanadın içərisində olmayıb. Düzdür, o, bütövlükdə radikal qanadın içərisində olub, amma daha çox radikallıq edənlərin içərisində olmayıb.

Amma bu gün Cəmil Həsənli daha kəskin radikallıq nümayiş etdirir və həmin radikalların əvvəllər dediklərini təkrar edir. Məsələn, o, son müsahibəsində Azərbaycanın xarici siyasəti ilə bağlı təhlillər aparır və xarici siyasətimizdəki uğurları görməzliyə vurur, Azərbaycanın apardığı xarici siyasətin uğurlu olmadığını iddia edir.

Cəmil Həsənli özü həmişə beynəlxalq münasibətlərdən yazıb, bu sahəni də bilən adamlardandır, tədqiqatçıdır. Əgər onun iddia etdiyi kimi, bizim xarici siyasətimiz uğursuz idisə BMT Təhlükəsizlik Şurasına necə qeyri-daimi üz ola bilidik?

Əgər bizim xarici siyasətimiz uğursuz idisə, BMT Baş Məclisində Qarabağ məsələsi ilə əlaqədar Azərbaycan Ermənistanı məzəmmət edən qətnamənin qəbuluna necə nail ola bildi? Eyni zamanda, bizim xarici siyasətimiz uğursuzdursa, Azərbaycan indiyənəcən Cənubi Qafqazın lideri kimi Şərq-Qərb, Şimal-Cənub layihələrində aparıcı rolunu necə qoruyub saxlaya bilib?

Bizim xarici siyasətimiz çox dəqiq və düşünülmüş bir proqram əsasında həyata keçirilməkdədir.

Bizim xarici siyasətimizdəki bu uğurları görməmək əlbəttə, tam radikallıqdır və bu radikallığın uşaq xəstəliyinin bir formasıdır. Biz də bunu burada-bu müsahibədə bir daha görməkdəyik.

Eyni zamanda, o, Azərbaycan hakimiyyətini Qarabağ məsələsini həll edə bilməməkdə ittiham edir. Dağlıq Qarabağ məsələsi, onun kökləri, simptomları, səbəbləri, həmin münaqişənin həlli ilə bağlı aparılan siyasət, bu yöndəki çabalar, nailiyyətlər, əldə olunmuş diplomatik uğurlar və sair, bunlar hamısı əminəm ki, Cəmil Həsənliyə də gözəl bəllidir. Bununla bağlı sənədlər qəbul olunub, müzakirələr aparılıb, bunları bilməmək mümkün deyil. Amma o, heç bir əsas olmadan “bir metr də torpaq azad olunmayıb” deyərək sual edir.

Niyə azad edilmədiyini də əgər prezidentliyə namizəd olan şəxs bilmirsə, onda niyə siyasətə gəlib? Bu adamlar bilmirmi ki, Dağlıq Qarabağ münaqişəsi bu gün geopolitik dartışmanın mərkəzlərindən biridir.

Onlar bilmirmi ki, beynəlxalq münasibətlərin ən ağır sinir mərkəzlərindən biri Qafqaz bölgəsidir. Bu adamlar bilmirmi ki, böyük dövlətlərin dartışma meydanlarından biri olan Qafqazda münaqişə ocaqlarından biri Dağlıq Qarabağdır, ancaq digər münaqişə ocaqları var ki, onlar da bu günə qədər həll olunmamış qalır.

Bu geopolitik dartışma nəticəsində bu məsələnin həllinin yubanmasının səbəblərini bilməyən adam indi necə prezidentliyə namizəd ola bilər? Bu populist, radikal çıxışlar kimə lazımdır? Məgər Cəmil Həsənli zamanında Dağlıq Qarabağda torpaqların itirilməsinə məhz o radikal çağırışların səbəb olduğunu bilmirdimi?

Zamanında bu cür məsələlər ortaya çıxanda, 1988-93-cü illər arasında hakimiyyətdə olan dairələrin bu məsələlər ətrafında həm geopolitik, həm geo-iqtisadi maraqlar baxımından buraxdığı səhvləri məgər o görmürdümü?

Zamanında görmüşdüsə, bu məsələnin indiki şəraitdə həll edilməməsi səbəbini məgər bilmirmi? İndi o, “bu hakimiyyət bir metr də olsun torpaq qaytara bilməyib” tezisindən yapışaraq populist çıxışlarla ortaya gəlməyi, bununla səs toplamağımı güman edir?

Bu gün Azərbaycanda aşağıdan-yuxarıya ən sıravi adamlar belə bu problemin niyə çözülmədiyini bilir, bu problemin arxasında hansı güclərin dayandığını da. Biz yalnız Ermənistanla üz-üzə deyilik. Biz bu münaqişədə yalnız Ermənistanla üz-üzə qalmış olsaydıq, bu problemin çözülməsi üçün çox da zaman sərf etməyə ehtiyac qalmazdı.

Biz başqalarının səhvlərindən nəticə çıxararaq, səhvlər etməməliyik. Ətrafımızda münaqişələrə cəlb olunmuş ölkələrin buraxdıqları səhvlərin onlar üçün nə qədər acı nəticələr verdiyini məgər bilmirlərmi?

Ona görə bu məsələdən danışanda Qarabağ münaqişəsinin təbliğatda vasitə kimin istifadə olunmasını yolverilməz hesab edirik. Çünki Qarabağ məsələsindən təbliğat kimi istifadə cəhdi bumeranq olaraq həmin şəxsin və şəxslərin özünə qayıdacaq...

- Həmin müsahibədə eyni zamanda, Azərbaycan hakimiyyətinin əməkhaqqı və pensiya siyasətindən narazılıq edilir, dövlət başçısının bu yöndəki son addımı mənfi fonda təqdim olunur...

- Bütövlükdə əməkhaqqı siyasəti Azərbaycanda iqtisadi siyasətimizin tərkib hissəsidir. Cəmil Həsənli isə deyir ki, on faizlə adamların başını aldatmaq olmaz. Heç kim əməkhaqqı siyasəti keçirəndə bunun nəyinsə xatirinə etmir. Keçən il də, ondan əvvəlki ildə seçki ili deyildi ki? Həmin illərdə də ölkə Prezidenti İlham Əliyev əmək haqlarını artırmışdı.

Eyni zamanda, iqtisadi məsələlər üzrə mütəxəssislərimiz zaman-zaman qəzetlərdə, digər media orqanlarında tez-tez izahatlar verirlər. Onlar da vurğulayırlar ki, bizim makroiqtisadi siyasətimiz, maliyyə-iqtisadi siyasətimiz, bütövlükdə iqtisadi potensialımız bir məqsədə yönəlib:

Güclü, qüdrətli və zəngin Azərbaycana. Bu güclü, qüdrətli, zəngin Azərbaycanda da hər bir vətəndaşın, hər bir ailənin rifahı ən ümdə məsələ kimi dayanır. Bunu Prezident İlham Əliyev də dəfələrlə deyib.

Həmçinin, bölgələrin inkişafı, bölgələrlə paytaxt arasında fərqin aradan qaldırılması, böyük iqtisadi layihələrin həyata keçirilməsi, yeni iş yerlərinin açılması barədə də saatlarla danışmaq olar. Ona görə həmin məqamları, eləcə də, beynəlxalq maliyyə qurumlarının öz hesabatlarında Azərbaycanın iqtisadi reytinqi ilə bağlı verdiyi rəyləri məsləhət görərdim ki, həmin şəxs və digər radikallar oxusunlar, baxsınlar, onlardan nəticə çıxarsınlar.

İndiki şəraitdə əmək haqlarının 10 faiz artırılmasına hansısa bir formada istehza ilə yanaşan cənab Həsənli gərək əməkhaqqı, iqtisadi siyasətlə bağlı bir az maraqlansın. İqtisadi siyasətin hansı prosesdən keçdiyini görsün və müharibə vəziyyətində olan ölkədə orta əmək haqqının, o cümlədən, pensiyaların həcmi ilə heç bir müharibə aparmayan, bütövlükdə enerji resursları ilə zəngin ölkələrin əmək haqlarını, pensiyalarını müqayisə etsin.

Bizi bu gün Avropanın inkişaf etmiş ölkələri ilə yox, MDB ölkələri ilə, o cümlədən, ətrafımızda olan ölkələrlə müqayisə etsin.

Ona görə bildirmək istəyirəm ki, əmək haqlarının, pensiyaların artırılması siyasəti hansısa bir kampaniyaya, seçkiyə bağlı deyil. Bu, bütövlükdə Prezidentin iqtisadi siyasətinin bir elementidir, tərkib hissəsidir. Əmək haqlarını populizm və radikal çağırışlarla artırmağı təklif edən insanlar gərək iqtisadiyyatdakı prosesi və dünya iqtisadi sistemində gedən hadisələri diqqətlə izləsinlər.

Əgər əmək haqlarını radikal şəkildə artırıb, ancaq qısa zaman ərzində də inflyasiya ilə milli valyutamızı dəyərsiz edəcəksinizsə, onda sizin hansı iqtisadi siyasətinizdən danışmaq olar?

Ümumiyyətlə, bu Milli Şura deyilən qurumun iqtisadi, siyasi, Qarabağla bağlı yetkin, bitkin proqramı varmı, varsa, hardadır? Varsa, bu proqram da adi sözlərdən ibarət olmamalıdır, həyata keçirilməsi praktik mümkün olan proqram olmalıdır...

- Yeri gəlmişkən, bu günlərdə həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev - hansı ki, Milli Şuranın prezidentliyə namizədi olan şəxs eks-nazirin Hüquqlarını Müdafiə Komitəsinin sədri olub - qarşıdan gələn seçkilərdə ölkə Prezidentinin namizədliyi müdafiə edəcəyini bəyan edib. Milli Şurada olan qüvvələr isə bu çağırışın səbəbini hakimiyyətin təsiri və təzyiqi, ortada hansısa anlaşmanın olması ilə izah etməyə çalışırlar. Siz bəs, bu haqda nə deyərdiniz?

- Fərhad Əliyev bu gün həbsdə olan şəxsdir və həbsdə olmasına baxmayaraq, səsvermə hüququna malik bir insan kimi o da seçkilərdə istədiyi namizədə səsini verəcək. Ancaq Fərhad Əliyevin hansısa bir müraciəti üçün hakimiyyətin ona nəyi isə vəd etməsi, nəyisə söyləməsi və sair, bunlar hamısı uydurmadır, cəfəngiyyatdır.

Hakimiyyətin bu cür səslərə, bu cür çağırışlara ehtiyacı yoxdur. Çünki cənab Prezidentin gördüyü işlər o qədər çoxdur, onun o qədər tərəfdarları var ki, onların arasında 3 adamın, 5 adamın, 10 adamın olmaması Azərbaycanın hansısa seçki prosesinə təsir göstərmir.

Bu, onun şəxsi təşəbbüsüdür və onun bu təşəbbüsü ilə bağlı verdiyi açıqlama da gerçək vəziyyəti görməsindən irəli gəlir.

OXŞAR XƏBƏRLƏR