Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavini, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif sahələr üzrə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edən nazir hərbi əməkdaşlıq sahəsində də əldə edilən müsbət nəticələrdən söhbət açıb.Görüş zamanı müdafiə sahəsindəki əlaqələr barədə də geniş fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin səbəbləri haqda qonağı məlumatlandırıb. Nazirin sözlərinə görə, münaqişənin həll olunmaması bütövlükdə bölgədəki vəziyyəti təhlükə altında saxlayır.Görüş zamanı xanım Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədə birgə fəaliyyətindən məmnunluğunu qeyd edərək ABŞ-ın bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək niyyətində oldugunu vurğulayıb.