Müdafiə Nazirliyinin rəsmisi: 'Daha dözüm qalmayıb'
Bütün Xəbərlər
18:13 30.10.2012
1299
Bu ilin 10 ayı ərzində atəşkəs 1178 dəfə pozulub. APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Tərtərdə – cəbhə xəttində keçirdiyi mətbuat konfransında deyib. Hər iki tərəfdən itkilər olduğunu deyən E. Sabiroğlunun sözlərinə görə, Azərbaycan Ordusu on ay müddətində 12 itki verib. Ermənilərin özlərinin təsdiq etdiyi məlumatlara görə, atışma nəticəsində onların itkisi 32 nəfərdir. Atəşkəs daha çox Füzuli, Tərtər və Ağdam istiqamətində pozulub. Nazirlik sözçüsü bildirib ki, qoşunların təmas xəttində ən gərgin vəziyyət iyun ayında yaşanıb.E.Sabiroğlu onu da deyib ki, ötən müddətdə qoşunların təmas xəttində keçirilən 19 monitorinq insidentsiz başa çatıb: “Onlar yerlərini dəyişən kimi həmin ərazidə ermənilər atəşkəsi pozurlar. Biz əsgərik və birinci vəzifəmiz müharibə vasitəsi ilə də olsa, torpağımızı işğaldan azad etməkdir. İkincisi, savaş regionda bütövlükdə böyük alovun yaranmasına səbəb olacaq. Savaş Azərbaycan əsgərinin qələbəsi ilə başa çatacaq. 10 ay ərzində müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılığı altında bütün hərbi birləşmələrimizdə genişmiqyaslı təlimlər keçirilib. Bu sınaqlardan ordumuz pis çıxmayıb. Hərdən eşidirik ki, ermənilər bizim işğal altında olan zonalarda həftədə bir-iki dəfə təlim keçirirlər. Təlimi hazırlamaq, həyata keçirmək elə də asan deyil. Bunun üçün ciddi hazırlıq və böyük maliyyə mənbəyi lazımdır. Ermənilər iki-üç tank, bir artilleriya qurğusu çıxarıb adını qoyurlar ki, təlim keçirirlər. Bunlar blefdir və Azərbaycana heç cür təsir edə bilməz”.Nazirlik sözçüsü ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə də danışıb: “Minsk qrupu öhdəsinə götürüb ki, münaqişəni həll etsin. Yazıqlar olsun ki, bunun konkret nəticəsi yoxdur, biz bunu görmürük”.Eldar Sabiroğlunun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib. “Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq”.