Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Məzahir Məmmədlinin də sözlərinə görə, bu nə dünya təcrübəsində, nə də bizim uzun müddət yaşadığımız təhsil mühitində mümkün olub.
Şagirdin nəticəsini yalnız müəllimin fəaliyyəti ilə ölçmək mümkündürmü?
"Elə məktəblərimiz var ki, orada ixtisaslaşmış, peşəkar fizik, kimyaçı, ədəbiyyatçı və ya tarixçi müəllimlər çalışır. Həmin müəllimlərin hazırladığı şagirdlər yüksək nəticələr əldə edərək istədikləri ixtisaslara qəbul ola bilirlər. Ancaq ümumi mənzərəyə baxdıqda görürük ki, bir məktəbin bütün fəaliyyəti eyni dərəcədə ürəkaçan olmaya bilər”.
Bir və ya bir neçə müəllimin zəif nəticə göstərməsi ümumilikdə məktəbin göstəricilərinə təsir edə bilər
"İndi təsəvvür edək ki, bir məktəbin göstəricisi analiz olunur və bir-iki müəllimə görə məktəbin ümumi göstəricisi aşağı düşür. Bu halda həmin müəllimlərin nəticələri necə qiymətləndiriləcək? Halbuki hər bir müəllim öz fənni üzrə bir neçə şagird hazırlayaraq onların yüksək nəticə göstərməsinə nail ola bilər.
Ona görə də düşünürəm ki, bu yanaşma Azərbaycan reallığı üçün bir qədər uyğun görünmür. Mən ümumilikdə müəllimlərin maaşının yalnız şagird göstəricilərinə əsasən müəyyənləşdirilməsi ilə bağlı belə bir praktikaya rast gəlməmişəm. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, təhsildə müəllimin fəaliyyətinin yalnız şagird nəticələri ilə ölçülmədiyini görərik”,- ekspert vurğulayıb.
"Azərbaycanda da müəllimlər üçün həvəsləndirmə müxanizmləri var”
M.Məmmədli qeyd edir ki, fəal müəllimlərə müxtəlif formada təşviqlər verilir:
"Əməkdar müəllim” adı alan şəxslərə yalnız bu ada görə hər ay 120 manat əlavə ödəniş edilir. Bundan başqa, "Tərəqqi” medalı alanlar və "İlin müəllimi” seçilənlər var. Yəni bizdə də müəllimləri həvəsləndirmək üçün müəyyən mexanizmlər mövcuddur.
Ancaq bizim həmin ölkələrdən fərqimiz odur ki, şagirdlərin nəticələrinə görə ayrıca sistemimiz yoxdur. Nə vaxt ki, bizdə də belə sistemlər yaradılacaq, hər şagirdə fərdi yanaşma tətbiq olunacaq və onun şəxsi inkişafı qiymətləndiriləcək, həmin şagirdin yetişdirilməsində rolu olan müəllimə də ayrıca mükafat və ya müəyyən kateqoriyada əlavə ödəniş verilməsi mümkün olacaq”.











































