Milli televiziyalarımızın efirlərində yayımlanan verilişlərdə tez-tez insanların bir-birilərinin ünvanlarına etikadan kənar ifadələr işlətmələrinin şahidi oluruq. Təəssüflə də olsa qeyd edirik ki, zaman-zaman bu hallar efirlərdən evlərimizə ayaq açır. Bunu biz istəsək də, istəməsək də.
Daha çox şou-biznes nümayəndələrinin milli televiziyaların efirlərində bu cür hərəkətləri ilə qarşılaşmalı oluruq. Onların bir-birilərinin haqqında etikadan kənar, insanın şəxsiyyətini, şərəf və ləyaqətini alçaldacaq sözlər işlətmələri, fikirlər səsləndirmələri cəmiyyətdə birmənalı qarşılanmır. Və deyərdik ki, əksər hallarda qıcıq yaradır.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov sözügedən hallarla bağlı məsələyə münasibət bildirərək demişdi ki, bu cür hərəkətlərin qarşısını “Mədəniyyət haqqında” qanunla almaq mümkün deyil: “Bu cür hallarda ancaq məhkəmə yolu ilə ölçü götürmək olur. Az-çox tanınan bu cür mədəniyyət və incəsənət nümayəndələrinin bir-birinin ünvanına qeyri-etik və təhqiramiz ifadələr səsləndirməsi cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Bu cür hallar birinci dəfə deyil. İndiyədək belə hallar çox olub və cəmiyyət tərəfindən qınanıb. Çox təəssüf ki, bu cür hallar hələ də davam edir. Şou nümayəndələri artıq anlamalıdırlar ki, bu cür hərəkətlər nəinki onlara, onların mənsub olduğu sənətə də hörmət gətirmir. Müğənnilərin bu cür hərəkətləri onların sənətlərinin adına da ciddi xələl gətirir. Müğənnilər bir-birlərinə hörmət etmir, heç olmasa, sənətlərinə hörmət etsinlər. Onların başqa yerdə bir-birini təhqir etməsinin elə də əhəmiyyəti yoxdur. Ancaq onların bu ədavəti televiziya kanalları efirlərində aparması yolverilməzdir. Gərək bizim televiziya kanalları da bu cür müğənnilərə imkan yaratmasın. Bəzən bu cür hərəkətlərə yol verən şou nümayəndələri televiziya kanallarının maraq dairəsinə çevrilir”.
Məsələ ilə bağlı hüquqşünas Fuad Ağayevlə danışdıq. Azxeber.com-a danışan F.Ağayev bildirdi ki, əgər kimsə hesab edirsə ki, onun barəsində başqası tərəfindən böhtan, təhqir xarakterli ifadələr işlədilib, fikirlər səsləndirilib, bu halda məhkəməyə xüsusi ittiham qaydasında müraciət edə bilər: “Bu cür hallarda qanunla müəyyən edilmiş qaydada addımlar atılmalıdır. Belə müraciət etdikdən sonra isə artıq tərəflər artasındakı mövqelərə məhkəmə aydınlıq gətirir”.
Azxeber.com