Müharibə kimə lazımdır?

Müharibə kimə lazımdır?
Bütün Xəbərlər
00:58 23.11.2013
917
Tofiq Abbasov,New Baku Post qəzetinin baş redaktoru
Yaxın Şərqin üzərindən genişmiqyaslı müharibə kabusu getmir ki, getmir. Böyük və çoxmilyonlu əhaliyə malik bölgədə onsuz da qaynar vəziyyət davam edir.
Özü də bu bir, üç, beş il deyil... İkinci dünya müharibəsindən sonra Yaxın Şərq qeyri-sabit vəziyyətə elə bil məhkum edilib.
Yarım əsrdən çoxdur ki, dünya səksəkə ilə “bu gün də başlamasa, sabah mütləq başlayacaq” deyə, ağır durumu diqqətlə izləmək məcburiyyətindədir – kəmiyyət göstəricisinin keyfiyyət səciyyəsinə keçməsi, müəyyən mənada, adətə çevrilib. Xırda müharibələrlə lokal toqquşmaların ardı-arası kəsilmir, necə deyərlər, növbəlilik prinsipi ilə bir-birini əvəz edir. Sonda isə onların hamısı böyük fəlakətə dönə bilər ki, onun da nə ilə nəticələnəcəyindən danışmağa ehtiyac yoxdur.
Baş verən işlərin mahiyyətindən belə görünür ki, dillər əzbərinə çevrilmiş “hərbçilərə müharibə lazımdır” deyiminə korrektələrin edilməsi vaxtı çatıb – indi “müharibə diplomatlara lazımdır” deyilsə, daha məntiqli olar. Elə həmin Yaxın Şərqdə cərəyan edən hadisələrin timsalında da bu, təsdiqini tapır.
Günümüzün diqqətçəkən hadisələrinin mərkəzində dayanan Suriya ətrafında gedən hərbi-siyasi qarşıdurmadır. 2011-ci ildən davam edən ölkədaxili münaqişənin daha da genişlənəbilmə ehtimalı hədsiz narahatlıq doğurur. Hərbi əməliyyatlara qoşulmuş qüvvələr sonsuz dəhşətdən yorulub giley-güzar etsələr də, diplomatlar bir o qədər də narahat deyillər və onları qayğılandıran əsas məsələ prosesi tam nəzarətə almaqdır. Ona görə də, problemin yumşalması, yoluna düşməsi istiqamətində yox, əksinə, həm də ləng, süst hərəkət edirlər.
Suriyanın kimyəvi silahlarının müqəddəratı ilə bağlı məsələ qismən həllini tapdıqdan sonra böyük sülh sazişini əldə etmək üçün əlverişli vəziyyət yarandı. Ancaq diplomatlar yenə şansı əldən verdilər, özü də çox asanlıqla. Bu fəaliyyətsizlikdə kimin daha çox təqsirkar olması, bəlkə də bir o qədər əhəmiyyətli deyil. Əsas odur ki, siyasi prosesə cəlb olunmuş bütün tərəflər zəiflik göstərib, anlaşılmaz, daha doğrusu, bağışlanmaz soyuqqanlıq nümayiş etdirdilər.
Digər problem İranın nüvə proqramı ətrafında gedən danışıqlardır ki, bu məsələni də hərbi yolla həll etmək istəyənlər kifayət qədər fəaldırlar, görünməmiş canfəşanlıq edirlər. Əldə olunmuş pozitiv potensial isə onların alovlu ritorikası fonunda heç də ümidverici deyil. Problem ətrafında İsrailin daim səs-küy salması, yumruğunu düyünləyib Tehranı hədələməsi əsas amil olmayıb və olmayacaq da.
Bunlar lider dövlətlərin diplomatiyasının fərsizliyinin, danışıqlar mövzusuna çevrilmiş detal və prinsiplərə barmaqarası yanaşmasının nəticəsidir.
Xoş olmayan gələcək vəd edən hazırkı vəziyyətdən narahatlıq keçirməyə başlayan Qərb mətbuatı da artıq həyəcan təbili çalmağa başlayıb və “dünyanın qlobal müharibə astanasında durduğunu” göz önünə gətirir.
Bu gün Cenevrədə keçiriləcək İranla “6-lığın” nüvə danışıqları həlledici ola bilər. Tarixi razılaşmanın əldə edilməsi üçün nikbin baza yaranıb. Bununla belə, quzğunların əllərini əllərinin üstünə qoyub sakit oturduğunu düşünmək sadəlövhlük olardı. Təəssüf ki, həmin quzğun dəstənin də özülünü hərbçilər deyil, məhz siyasətçilər təşkil edir.
Buna ciddi işarə edən dünya mediasında xüsusi çəkiyə malik “New York Times”, “The Wall Street Journal”, “The Financial Times” açıq şəkildə yazırlar ki, “dünya müharibələrdən zinhara gəlib”. Problemə müxtəlif səpkidə münasibət bildirən bu üç nəşrin ümumi mövqeyi belədir ki, Barak Obama administrasiyası üstünlük verdiyi sülh və incə diplomatiyasını uğurlu sonluğa çatdırmaqdan ötrü gərək, ilk növbədə, Amerika siyasi dəhlizlərindəki odlu qarşıdurma tərəfdarlarını tərkisilah etsin.
Bu gün “New York Times” qəzeti birmənalı şəkildə “dünya və Amerika müharibələrdən doyub” yazır. Əgər öz ərazisi qalsın bir yana, heç uzaq qonşuluğunda da müharibə getməyən Amerika müharibələrdən, odlu qarşıdurmalardan doyubsa, onda Yaxın Şərqin, eləcə də onlarca qan gölünə qərq edilmiş məmləkətlərin insanlarının nələr çəkdiyini, sonu görünməyən müharibə və münaqişələrdən nə həddə gəldiyini təsəvvür etmək çətin deyil.
İndi ən vacib məsələ Qərbi danışıq və təmaslarda təmsil edən diplomatların da qanlı qarşıdurmalardan “yorulub bezməsi”, “zinhara gəlməsidir”. Əgər onlar həqiqi diplomatdırlarsa, hər kəsin anladığı bu bəsit və sadədən də sadə gerçəkliyi qəbul etməli, məsələlərə o prizmadan, o müstəvidən yanaşmalıdırlar.
Diplomatların sıravi vətəndaşlara da məlum həqiqəti dərk elədiyi an dünya qlobal fəlakətdən uzaqlaşacaq. Bunu əminliklə söyləmək olar.
OXŞAR XƏBƏRLƏR