Hazırda bütün dünyanın diqqəti Ukrayna-Rusiya münasibətlərinə yönəlib.
Bu gündən etibarən ABŞ Dövlət Departamenti öz diplomatlarına Ukraynanı könüllü tərk etməyə icazə verib. Qurum bu addımını Rusiya tərəfindən hər an başlana biləcək hərbi əməliyyatlar təhlükəsi ilə əsaslandırıb.
Həmçinin oxu:
Putin diplomatlarını Kiyevdən çıxardı, Britaniya isə silah
daşıyır –Müharibə olacaq?! - TƏHLİL
Rus əsgərləri Ukrayna sərhədini keçsə bu, işğal sayılacaq
-Bayden
Britaniyanın Rusiya planı ORTAYA ÇIXDI:Vəziyyət gərginləşərsə...
Ötən həftədən etibarən Rusiya da öz diplomatlarını Kiyevdən çıxarır.
Hər iki ölkənin sərhədlərində isə, gərginlik yüksək həddə çatıb.
Hazırki vəziyyətdə hər kəsi düşündürən məsələ Ukrayna-Rusiya arasındakı gərginliyin necə yekunlaşacağıdır.
Politoloq Zərdüşt Əlizadə AZXEBER.COM-a açıqlamasında bir sıra maraqlı məqamlara toxunub.
O, iki dövlət arasında münasibətlərin bu yerə gəlməsində hər iki tərəfin günahının olduğunu deyib: "Ukrayna ilə Rusiya arasında hazırki münasibətdə günahı hər iki tərəfdə görürəm. Ukraynanın da, Rusiyanın da günahı var. Qərb isə öz xeyrini götürür. Rusiya ilə onun ətrafındakı dövlətlər arasındakı münasibətləri addım-addım korlamaqla vəziyyəti pisləşdirir. 1990-cı illərdə, 2000-ci ilin əvvəllərində keçirilən sorğular göstərdi ki, Ukrayna əhalisinin 65%-dən çoxu NATO-nun əleyhinədir. Lakin vəzifə, hakimiyyət naminə vuruşub-çarpışan qüvvələr NATO məsələsini bir bəhanə kimi gətirdilər, hakimiyyət davasında Ukrayna xalqı ilə Rus xalqı arasında ziddiyət yarandı. Qərb də əsassız olaraq Ukraynaya vəd verirdi ki, NATO-ya qəbul məsələsinə baxılacaq. Hərçənd ki, belə bir fikirləri yox idi. NATO-da bütün qərarlar konsensusla qəbul olunur. Avropanın bir çox dövlətləri onsuzda Ukraynanın NATO-ya qəbulunun əleyhinə çıxırdılar. Amma buna baxmayaraq Ukraynanın hakim zümrəsi ona nail oldu ki, Ukrayna ilə Rusiya arasında münasibətlər korlandı. Ondan əvvəl isə iki dövlət arasında əməkdaşlıq, anlaşma var idi”.
Z.Əlizadə müharibənin olacağını istisna etməyib: "Müharibənin olması istisna edilmir. Amma düşünürəm ki, müharibə olsa da, hərb qələbə çalsa da, Rusiya üçün siyasi tərəfləri daha ağır olacaq”.
Siyasi şərhçi Şahin Cəfərli AZXEBER.COM-a açıqlamasında Ukrayna-Rusiya münasibətlərinin necə yekunlaşa biləcəyi ilə bağlı fikirlərini bildirib.
O da müharibə ehtimalının yüksək olduğunu qeyd edib: "Ukrayna ətrafındakı vəziyyət göstərir ki, müharibə ehtimalı yüksəkdir. Çünki Rusiya ordusunun Ukrayna sərhədlərində toplaşması, cəmləşdirilməsi prosesi davam edir. Hazırda təxminən 127 min Rusiya əsgərinin toplanıldığı barədə məlumatlar var. Amma Rusiya tərəfindən bunların sayının artırılması prosesi də aparılır. Belə görünür ki, Rusiya ilk mərhələdə hərbi güc təhdidi ilə çıxış edərək Ukraynanı güzəştlərə məcbur etmək istəyir. Yanvarın 26-da Ukrayna və Rusiya prezidentlərinin müşavirləri və vasitəçi dövlətlərin (Fransa, Almaniya) müşavirlərinin görüşü olacaq. Əgər orada Ukrayna tərəfi yenə də hər hansı güzəştlərə getməsə, düşünürəm ki, hərbi eskolasiya ehtimalı çox yüksək olacaq. Əlbəttə ki, bu eskolasiya necə olacaq, Rusiyanın planları nədir, bunlar barədə bir şey demək çətindir”.
Ş.Cəfərli müharibə olacağı təqdirdə Rusiyanın ya Donbass ərazisindən Ukraynanın içərilərinə doğru hərəkət edəcəyini, ya da ilk olaraq uzaqmənzilli raketlərlə Ukrayna ordusunun bazalarına, komanda məntəqələrinə hücum edəcəyini bildirib.
O, müharibə variantında Azərbaycanın tutacağı mövqe haqqında da danışıb: "Azərbaycan Ukraynada hadisələrin müharibə ssenarisi üzrə cərəyan etməsindən narahatdır. Məlumdur ki, Ukrayna bizim mühüm strateji tərəfdaşlarımızdan biridir. Prezident İlham Əliyevin son səfəri də göstərdi ki, Azərbaycan Ukrayna ilə ikitərəfli əlaqələrin inkişafına çox böyük önəm verir. Digər tərəfdən Ukrayna ilə ikitərəfli münasibətlərimiz kifayət qədər inkişaf edib. İki ölkə xalqlarının da bir-birinə qarşı yaxın və səmimi münasibətləri var. Bu baxımdan Ukraynada yeni bir gərginləşmənin baş verməsi, Ukrayna ərazilərinin işğalının Rusiya tərəfindən davam etdirilməsi və hətta Ukrayna dövlətinin mövcudluğunun təhlükə altına düşməsi Azərbaycana qətiyyən sərf etmir. Azərbaycan əlbəttə ki, bu məsələdə Ukraynanın tərəfindədir, onun ərazilərinin işğalını qəti əleyhinədir. Amma təbii ki, rəsmi səviyyədə mövqe müəyyən edərkən Azərbaycan höküməti Rusiya amilini də gözardı edə bilməz”.
Aydın Nuri