Müharibə zamanı İranda 7250 nəfər dağıntılar altından xilas olunub

Müharibə zamanı İranda 7250 nəfər dağıntılar altından xilas olunub
DÜNYA
17:54 27.09.2026
210
ABŞ ilə İsrailin fevralın 28-də İrana hücum etməsi ilə başlayan müharibə zamanı İslam Respublikasında 7250 nəfər dağıntılar altından çıxarılaraq xilas olunub.

"Tasnim" xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd bildirib.

"Xilasedicilərin və könüllülərin və xalqın geniş iştirakı ilə 7250 nəfər dağıntılar altından xilas edilib", - o deyib.

Kulivəndin sözlərinə görə, son müharibələr zamanı İran Qızıl Aypara Cəmiyyətinin 9 xilasedicisi öz missiyalarını yerinə yetirərkən ölüb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq bu ölkəyə zərbə endirildiyini bəyan edib.

Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan yeni hücumun ləğv edildiyini açıqlayıb. Hazırda Hörmüz boğazına nəzarətlə bağlı danışıqlar aparılır.

ABŞ ilə İran arasında birbaşa dialoq da bərpa olunmaq üzrədir, sadəcə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında baş tutan görüş nəticə verməyib. İran tərəfi Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-yə çatdırsa da, Ağ Evin rəhbəri Tramp İranın son təklifini rədd edib.

Qeyd edək ki, İran Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin nizamlanması üçün hərbi əməliyyatların dayandırılmasını tələb edir. Bununla yanaşı, dondurulmuş aktivlərin azad edilməsi, dəniz blokadasının ləğvi, iqtisadi və siyasi sanksiyaların aradan qaldırılması, ABŞ-nin dəniz və hava qüvvələrinin bölgədən çıxarılması, müharibə təzminatının ödənilməsi, təhdid və təhqirlərin dayandırılması şərtlər sırasındadır. Qəzza zolağında HƏMAS, Yəməndə husilər və Livanda "Hizbullah"a hücumların yekunlaşdırılması da İranın tələblərinə daxildir.

///report///
OXŞAR XƏBƏRLƏR