Münsif, yoxsa telefonçu? - KÖŞƏ

Münsif, yoxsa telefonçu? - KÖŞƏ
KÖŞƏ
11:51 06.03.2012
2624

Şəbnəm Xeyrulla (Gündəlik-Bakı)

[email protected]/* */

Ziyalılarımızın, elm, mədəniyyət, incəsənət xadimlərimizin televiziya verilişlərində aşağılanması, adlarına, nüfuzlarına layiq olmayan bir tərzdə təqdim olunması mövzusunda qəzetimizdə bir neçə dəfə məqalələrlə çıxış etmişik. Hər dəfə də bu məsələyə müxtəlif prizmalardan yanaşmaqla səbəb axtarmağa çalışmışıq. Bu mövzuda fikir bildirmək ixtiyarına malik olan ziyalılarımızın böyük əksəriyyəti sözügedən məsələyə görə telekanallarımızı qınaq obyektinə çevirsələr də, az bir qisim o cür verilişlərdə çəkilməyə razılıq verən şəxsləri də qınamışdı. Əvvəllər ikinci tərəfin dediyi ilə o qədər də razı olmasam da, son vaxtlar televiziya verilişlərində gördüklərim məni də belə düşünməyə vadar edib.

Bu gün belə bir ziyalı haqqında yazmaq istəyirəm. Yaşına, indiyə qədər cəmiyyətdə sahibləndiyi nüfuzuna görə adını açıqlamayacağım ziyalı haqqında. Həmin şəxs SMS səsvermə ilə təşkil edilən televiziya şoularının birində münsif qismində çıxış edir. Amma verilişin son buraxılışına baxanda onun münsiflər heyətinin üzvü, yoxsa telefon zənglərini cavablayan operator olduğunu müəyyənləşdirə bilmədim. Proqramı izləyə bilməyənlər üçün sözümə aydınlıq gətirib baş verənləri daha ətraflı izah edim. Belə ki, canlı yayımlanan şou boyunca həmin bu ziyalımız mobil telefonu əlindən yerinə qoymurdu. Dost-tanışı ilə telefonla danışıb, guya onların "filankəsə 10 SMS göndərdim", "filan iştirakçını ailəlikcə dəstəkləyib, ona çoxlu səs yollayırıq" tipli danışıqlarını tamaşaçılara çatdıran ziyalımız deyəsən, orada nə üçün iştirak etdiyini özü də unutmuşdu. Yoxsa qarşısında kimsə çıxış etdiyi vaxt onu izləyib fikrini söyləmək əvəzinə, telefon danışıqlarına aludə olmazdı. Bu azmış kimi, arada telefonu verilişin aparıcısına ötürüb, "mənim adımdan bu iştirakçıya 20 SMS göndər" deməyi ümumiyyətlə, bütün efir, ədalətli yarış qaydalarının üzərindən xətt çəkdi.

Birincisi, onu deyə bilərəm ki, o şəxs heç də telefonla danışmır, rol oynayırdı. Guya bu oyunu tamaşaçıları da səs verməyə çağırmaq məqsədi daşıyırdı. O tamaşaçıları ki, veriliş boyu yalançı telefon danışıqları ilə ələ salırdılar. Televiziya işindən az-çox anlayışı olan adam kimi deyə bilərəm ki, qaydalara görə, çəkiliş gedən əraziyə telefonla daxil olmaq olmaz. Bu bir şərtlə icazə verilə bilər ki, telefon söndürülmüş olsun. Səbəb təkcə zəng səsinin efirə düşməsi deyil. Hətta telefonun səsi alınmış olsa belə, zəng, SMS daxil olan və ya gedən zaman yaranan dalğa səsləri çox asanlıqla mikrofonlara düşə bilir. Belə şeyə canlı efirdə xüsusilə fikir verirlər. Necə ola bilər ki, qarşısında mikrofon qoyulmuş münsif üzvü veriliş boyu telefondan istifadə etsin, amma bunun texnikaya heç bir təsiri olmasın?

İkincisi də, tutaq ki, həqiqətən də, həmin telekanalın texnikası elə səviyyədədir ki, ona heç bir dalğa təsir etmir və bizim münsif ziyalımız həqiqətən də telefonla danışır. Axı buna nə böyük ehtiyac var? Ehtiyac olsa belə, həmin hərəkəti bir başqası icra edə bilməzmi? Niyə elə "məsuliyyətli" işi məhz ağsaqqal ziyalı öz çiyinlərinə götürüb? Ümumiyyətlə, bu iş həmin şəxsin özünə ləqəb kimi götürdüyü, əslində isə, çox nüfuzlu dini titul olan ada layiqdirmi?

Bilirəm, əksəriyyətiniz həmin şəxsin kim olduğunu bildiniz. Əslində, mən də bu adı çəkə bilərdim. Amma çəkmədim. Bilirsiniz niyə? Çünki həmin ziyalının iştirak etdiyi televiziya verilişindən fərqli olaraq, mən ona hələ də hörmət edirəm.

OXŞAR XƏBƏRLƏR